16 Dekabr 2019 13:52
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün Bakıya edəcəyi səfərlə bağlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Elxan bəy, Ukrayna Prezidenti Vladimir Zelenskinin səfəri ilə bağlı fikirlərinzi bilmək istərdik...

– Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərinin reallaşacağına dair mənim təxminən bir ay öncədən xəbərim var idi. Təsdiq olunmasını gözləyirdim. Çox yaxşı haldır ki, Zelenski Cənubi Qafqaz ölkələrindən birinci Azərbaycanı seçir. Yəni, Azərbaycana səfər edir. Buradan Ermənistana və ya Gürcüstana getməyəcək. Sadəcə, Azərbaycana səfər edib geri qayıdacaq. Bu da ondan xəbər verir ki, Zelenski də keçmiş prezident Petro Poroşenko kimi Azərbaycanla münasibətlərə daha çox üstünlük verir. Rəqəmlər də bundan xəbər verir. Belə ki, Ukraynanın bölgədə iqtisadi-ticarət münasibətləri əsasən, Azərbaycanladır. Son illərdə ticarət mübadiləsi də artır. Ona görə də düşünürəm ki, bu mənada Zelenskinin Azərbaycana səfəri çox faydalıdır. O cümlədən bizi bir dərd də birləşdirir. Bu da ərazi bütövlüyü məsələsidir. Bu məsələdə rəsmi Kiyev bizi birmənalı dəstəkləyir. Belə ki, Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, separatçılığı pisləyirlər. Eyni ilə biz də Ukraynada separatizmi pisləyir və Krımı Ukrayna ərazisi sayırıq. Düşünürəm ki, Zelenski Bakıda olanda, Azərbaycan Prezidenti ilə görüşdən sonra veriləcək ortaq açıqlamada bu məsələ də xüsusi vurğulanacaq.

– Ukrayna Prezidentinin saytında yerləşdirilən məlumatda səfər zamanı Azərbaycan Respublikası ilə prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanmasının nəzərdə tutulduğu qeyd olunub. İki ölkə arasında əməkdaşlığı dərinləşdirmək üçün hansı prioritet sahələr var?

– Mən bir neçə ilə əvvəl Kiyevdə olanda müəyyən nazirliklərdə görüşlərim olmuşdu. Onlar çox maraqlıdırlar ki, Azərbaycan Ukraynanın müxtəlif iqtisadi sahələrinə investisiya yatırsın. Azərbaycana münasib şərtlər də təklif edirlər. Məsələn, bir sıra maraqlı təklifləri var idi. Bunu mənə Ukrayna iqtisadi inkişaf nazirinin müavini demişdi. Hazırda Ukraynada Qara dəniz limanlarının özəlləşdirilməsi məsələsi var. Azərbaycana təklif edirlər ki, Dövlət Neft Şirkəti (SOCAR) bu limanların özəlləşdirilməsində aktiv iştirak etsin. Düşünürəm ki, bu, Azərbaycan üçün də faydalı olar. Bu cür təklifləri yəqin ki, Zelenski Bakıda irəli sürəcək.

– Zelenskinin əksər səfərləri, keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər kimi Bakı səfəri də Rusiya KİV-lərinin diqqətindədir. Bu mənada səfərin Rusiyada nə cür qarşılanacağına münasibətinizi bilmək istərdik...

– Nə cür qarşılana bilər ki?! Bir dəfə bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də münasibət bildirmişdi. Demişdi ki, Rusiyada azərbaycanlılar yaşayır, Ukraynada da azərbaycanlılar az deyil. Ona görə də Azərbaycan Rusiya ilə münasibətlərə önəm verdiyi kimi Ukrayna ilə münasibətlərə də önəm verməlidir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, biz müstəqil qərarlar veririk. Kimsə bizim müstəqil qərarlarımıza qarışa bilməz, qarışmamalıdır. Bu mənada mən düşünmürəm ki, bu səfər və Ukrayna-Azərbaycan əməkdaşlığı Rusiyanı narahat etsin. Çünki bizim öz milli və təhlükəsizlik, iqtisadi maraqlarımız var. Ona qalsa, Rusiyanın Gürcüstanla da diplomatik əlaqələri yoxdur. Gürcüstan NATO üzvlüyünə çalışır, bu isə Rusiyanı qıcıqlandırır. Bu o demək deyil ki, Azərbaycan Gürcüstanla əməkdaşlıqdan imtina etməlidir. Azərbaycanın Gürcüstanla sıx əməkdaşlığı var. Eləcə də Ukrayna ilə sıx əməkdaşlığı davam etdirəcəyik.

– Ukrayna Prezidentinin saytında yerləşdirilən məlumatda Vladimir Zelenskinin Bakıda, həmçinin, Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə görüşəcəyi qeyd olunub. Ukraynada yaşayan azərbaycanlılar və Azərbaycandakı Ukrayna icması iki ölkənin münasibətlərinin möhkəmlənməsinə hansı töhfələri verirlər?

– Azərbaycanlıların Ukraynada bir neçə təşkilatı var və güclüdür. Çünki bu ölkədə 500 minə yaxın azərbaycanlı yaşayır. Ara-sıra fikir ayrılıqları olurdu, amma hər halda Azərbaycanın maraqlarını Ukraynada təmin etməyə çalışırlar. Ukraynalıların Azərbaycanda elə böyük icması yoxdur. Çox təəssüf ki, keçmiş illərdə bu icma da parçalanmışdı. Rusiyanın müdaxiləsindən sonra bir icma bir qədər ruspərəst mövqe sərgiləyir, digəri isə Ukraynanın maraqlarından çıxış edir. Ukraynanın Azərbaycandakı keçmiş səfiri Aleksandr Mişenko ukraynalıların Azərbaycandakı icmasının güclənməsi üçün çox iş gördü və icma bir az da möhkəmləndi. Ona görə də düşünürəm ki, Zelenskinin Ukraynanın Azərbaycandakı icması ilə görüşü də çox maraqlı keçəcək. Çünki bu icmanın da Azərbaycanın həyatında mühüm rolu var.


Müəllif: Səxavət Həmid