14 Yanvar 2020 09:14
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor Əli Abbasovla müsahibəni təqdim edir:

- Əli müəllim, İranla bağlı və İranın özünün apardığı siyasət hazırda ən mürəkkəb mərhələsini yaşayır. Siz, bu prosesi ümumilikdə necə dəyərləndirirsiniz?

- Hələlik proses gedir. Problem ondadır ki, hər iki tərəf qarşısına qoyduğu məqsəddən imtina etmək istəmir. ABŞ istəyir ki, İranın nüvə silahı olmasın, hərbi qüdrətini artırmasın və nüvə texnologiyasını inkişaf etdirməsin. İran da çalışır ki, ABŞ ümumən regiondan çıxsın və buradakı proseslərdə aktiv rol almasın.

- Bu proses hansı ana qədər davam edəcək?

- Əslində proses başa çatıb. Ukrayna HavaYollarına məxsus sərnişin təyarəsinin vurulmasından sonra hər iki tərəf nisbətən dayanıb. Pakistanın xarici işlər naziri Tehrana səfər edib. Habelə Qətər Əmirliyinin rəhbəri Tehranda danışıqlar aparıb. Hər iki tərəf açıq elan edib ki, onlar bu prosesin dayanmasını istəyirlər. ABŞ isə belə reaksiyalara cavab vermir, amma eyni zamanda qeyd edirlər ki, rəsmi Tehranla danışıqlar aparmağa hazırdırlar. Real vəziyyət bu cürdür. Amma İrana yaxın başqa qüvvələr var və onlar qeyd edirlər ki, özləri ABŞ-a cavab verməlidirlər. Yəni durum çox mürəkkəbdir.

- İran az qala hər gün İraqdakı ABŞ bazaları həndəvərinə raket atır və bəyan edir ki, buradan çıxın. İraq parlamenti ABŞ ordusunun ölkədən çıxmasına dair qərar verdi. Sizcə, ABŞ 5 minlik hərbi personalını İraqdan çıxaracaqmı?

- İraq parlamenti qərar qəbul edib, habelə İran tərəfi tələb edir ki, ölkəmdən ordunu çıxar. Lakin ABŞ İraqdan çıxaq niyyətində deyil. ABŞ belə bir mərhələdə İraqdan çıxan deyil və bu su kimi aydın bir məsələdir.

- Əgər İraq parlamenti qərar veribsə və ABŞ buna əməl etmirsə, belə çıxmırmı ki, Vaşinqton beynəlxalq qanunları pozaraq öz ordusunu zorla bir ölkədə saxlamaqda davam edir?

- Əslində qanunları pozmaq ABŞ üçün ilk hadisə deyil. ABŞ hər zaman belə addımlar atıb və buna fikir verməyib. Yəni marağı olduğu məsələdə beynəlxalq qanunlar o qədər də əhəmiyyətli deyil. Reallıq budur ki, ABŞ ordusunun İraqdan çıxması indiki halda vaxtından əvvəl atılan addım olardı. Ən azı ona görə ki, ABŞ pis-yaxşı İŞİD-in qarşısında durur. ABŞ İraqı tərk etdikdən sonra İŞİD yenidən canlana, fəallaşa bilər. Bu amil də var. Odur ki, ABŞ-ın indi İraqdan çıxması o qədər də düzgün deyil. Amma hansısa bir hərəkətləri genişləndirmək də istəmirlər. Hər halda regionda stabilliyin olması bütün tərəflərin marağına uyğyundur. Bu mərhələdə hər hansı bir silahlı qarşıdurma, müharibə ehtimalı görünmür. Məsələn, belə informasiya var, Süleymani İraqa ona görə gedib ki, Səudiyyənin hansısa mesajını çatdırsın və ya Səudiyyəyə mesaj çatdırsın. Bu səbəbdən də onu vurdular. Bu versiya əslində ağlabatandır.

- Ukrayna Hava Yollarının məxsus sərnişin təyyarəsinin Tehranda vurulmasının hansı nəticələri olacaq?

- Bu, əslində biabırçı hadisədir və nəticə olaraq İran öz nüfuzunu və imicini itirir. Artıq İrana qarşı təzyiqlər və tənqidlər var. Bu reallıqdır. Əvvəla, təyyarənin raketlə vurulmasından sonra İrandan tələb edilir ki, beynəlxalq komissiya olmalı, onların rəsmi rəyi ortaya qoyulmalıdır, İran bunun üçün bütün şəraiti yaratmalıdır. Və sözsüz ki, orada həyatını itirən insanlara İran tərəfi kompesasiya verməlidir. Yəni bunların hamısı komissiyanın fəaliyyətinin nəticəsindən sonra olmalıdır. Əslində hər şey İranın üzərində qalır, amma İran da bu vəziyyətdən hansısa formada çıxmalıdır. Bu olaya görə, İrana ancaq təzyiqlər olacaq. Zamanında ABŞ öz təyyarəsini vurmuşdu, ruslar səhv etmirəmsə, Cənubi Koreyanın təyyarəsini vurmuşdu. Yəni müasir dünyada səhvən belə hadisələr baş verir. Amma hadisə nəticəsində orada insan təlafatı olub və bu, adi hadisə dyil. Bundan sonra həm də İrana təzyiqlər edirlər ki, ABŞ-la danışıqlar masasına otursun. Bunun baş verib-verməyəcəyini bilmək olmaz.

- Bu proseslərin bizə hansı təsirləri ola bilər?

- Sözsüz ki, bizə regionda sakitlik və stabilliyin olması lazımdır.

- İndi İran daxilində böyük çaxnaşma, aksiya, etirazlar var. Bu hansı formada başa çatacaq?

-Əslində İranda aksiyalar yeni deyil. Orada noyabrdan bu yana aksiyalar keçirilir. Aksiyar zamanı minlərlə insan həbs edilib, yüzlərlə insan öldürülüb. Amma problem ondadır ki, belə hallar İranda daim müşahidə edilir. Hələlik ortada nəticə yoxdur. Gözləmək lazımdır ki, bu proses hara qədər inkişaf edəcək. Məsələn, son zamanlar İranda keçirilən aksiyalarda ilk dəfə olaraq ali dini lider Xameneyinin istefası tələb edilib. Mən buna qədər İranda belə şüarlarla keçirilən aksiyalar haqda eşitməmişdim. Bu da yeni prosesdir. Ancaq hadisələri qabaqlamamaq daha uyğundur.


Müəllif: Nemət

Oxşar xəbərlər