2 Aprel 2020 13:12
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin məlum sərəncamından sonra əhalinin sosial müdafiəsi istiqamətində ciddi işlər görülür. Birinci növbədə iş yerlərinin bağlanmaması vacibdir. Bunun kompensasiyasını Azərbaycan dövləti öz üzərinə götürdü. Xüsusilə, cənab Prezidentin çağırışı oldu ki, bir nəfər də özəl sektorda iş yerini itirməməli, iş yerləri bağlanmamalıdır.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbacan prezidenti İlham Əliyevin martın 19-da verdiyi sərəncam və ondan irəli gələn addımları qiymətləndirərkən deyib.

Qeyd edək ki, həmin sərəncam koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün işlərin görülməsini nəzərdə tutur. Artıq bununla bağlı müvafiq dövlət proqramı hazırlanıb. Proqdamda sosial baxımdan həssas qruplara da dövlətin dəstəyi nəzərdə tutulub.

Komitə sədri Musa Quliyev deyib ki, koronavirusla mübarizə ilə əlaqədar olaraq, öz fəaliyyətini dayandıracaq işçilər həmin müddətdə dövlət tərəfindən dəstək alacaq:

“Bu işçilərin hamısının əmək haqqı ödəniləcək. Bir hissəsi tam, ola bilsin ki, bir hissəsi də qismən ödənilər. Yəqin ki, yaxın günlərdə bununla bağlı addımlar olacaq.

Digər istiqamət sosial müdafiəyə ehtiyacı olan ailələrə maddi yardımın ayrılmasıdır. Bu da dövlətin proqramında var. Yəqin ki, bu günlərdə onun reallaşmasını görəcəyik.

Başqa bir istiqamət könüllülük ili çərçivəsində az təminatlı, yaşlı və tənha insanlara yardımın göstərilməsidir. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə həyata keçirilir. Burada müəyyən qədər könüllülər iştirak edir. YAP-ın gəncləri və bəzi QHT-lər bu prosesdə fəall iştirak edirlər. Sistemli şəkildə tənha, yaşlı insanların ərzaq və dərman təminatı aparılır. Bu poses də dəstəklənəcək.

Digər istiqamət kommunal və başqa xərclərlə bağlı olacaq. Düşünürəm ki, dövlət bu istiqamətdə də dəstəyini göstərə bilər. Enerji daşıyıcıları, mavi yanacaq, su, internet, istilik istiqamətində yəqin ki, dövlətin dəstəyi olacaq. Yəni atılan addımlar dövlətin əhalinin sosial müdafiəsinə biganə qalmadığını göstərir. Əksinə, bu ağır mərhələdə dövlət öz vətəndaşının yanında olduğunu növbəti dəfə nümayiş etdirir".


Müəllif: Cavad