Rusiyanın “İnforuss” saytı Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşist legionunda döyüşməsi ilə bağlı məqalə dərc edib.
Teleqraf.com Axar.az-a istinadən həmin məqaləni təqdim edir:
Paşinyan 9 May Qələbə günü ərəfəsində sosial şəbəkələrdə babasının şəklini paylaşandan sonra biabırçı vəziyyətlə üzləşdi. Tezliklə Paşinyanın paylaşımının altında onun babasının satqın olduğu və Qaregin Njdenin rəhbərliyi altında SS legionunda döyüşdüyü və şərq cəbhəsində şərəfsizcəsinə öldüyü barədə şərhlər yazıldı. Baş nazirin əsəbi tərəfdarları bunun kompromat olduğunu və Azərbaycanın Trend.az portalı tərəfindən ortaya atıldığını iddia etmək istədilər. Sonra məlum oldu ki, ilkin mənbə Azərbaycan saytı deyil, Paşinyanın babası haqqında “Düşmənlə əməkdaşlıq edib və ölüb” adlı məqalə dərc edən Ermənistanın İravunk.com saytıdır.
Məlum oldu ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə II Dünya müharibəsində həlak olan Sovet vətəndaşları haqqında məlumat toplamaq üçün yaradılan “Memorial” cəmiyyətinin ümumiləşdirilmiş məlumat bazasında (www.obd-memorial.ru) Ermənistan SSR-in İcevan rayonunun Enokovan kəndində anadan olan Nikol Vartanoviç Paşinyan (1913-1943) haqqında məlumatlar var.
Paşinyanın babasının satqın olmasının sübutu kimi onun SS Şərq legionlarına aid olduğunu təsdiqləyən alman mühasibat sənədinin fotoşəkli də mövcuddur.
Sənəddən görünür ki, Nikol Paşinyan müharibə zamanı itkin düşüb. Amma sonradan onun könüllü olaraq faşistlərin tərəfinə keçməsi və 29 sentyabr 1943-cü ildə Qərbi Ukraynada Zvyageldə öldürülməsi məlum olur.
Ermənistan baş nazirinin imicinin təmizlənməsi məqsədilə Ermənistan Müdafiə Nazirliyi rəsmi məlumat yaydı. Guya Enokovan kəndindən müharibəyə iki Nikol Paşinyan yollanıb. Onlardan biri Qırmızı Ordunun, digəri isə faşistlərin tərəfində döyüşüb. Ermənistan MN bildirib ki, guya satqın olan baş nazirin babası deyil.
İcevan rayon hərbi çağırış idarəsi Sovet ordusunun əsgər və çavuşların itkilərinin fərdi qeydiyyatı şöbəsinin Moskva bölməsinin sorğusuna cavab olaraq bildirib ki, Enokovanda yalnız bir Nikol Paşinyan yaşayıb. Belə çıxır ki, Ermənistan Baş nazirinin babası Qaregin Njdenin SS batalyonunda könüllü xidmət edib.
Paşinyan əlaltıları və tətəfdarları vasitəsilə yalan danışmağı və bəhanə gətirməyi seçdiyi üçün qalmaqal çox iyrənc oldu.
Bundan başqa, Rusiya XİN başçısı ilə görüşdə Paşinyan SS erməni legiounun rəhbəri və Qırmızı Ordu əsgərlərinin qatili Qaregin Njdeni marşal Baqramyanla müqayisə edib, Hitler və Ribbentropla görüşdüyü üçün isə Stalinin xarici işlər üzrə xalq komissarı Molotovu pisləyib.
Aydındır ki, Paşinyan diplomatın funksiyası ilə Adolf Hitlerə and içərək cinayətkar nasist təşkilatı sıralarında xidmət etməyin fərqini görmür.
Xatırlayaq ki, Paşinyanın babasının xidmət etdiyi Qaregin Ter-Arutyunyan (Njde) erməni terrorçularının rəhbəri və faşist siyasi lideridir. 1940-cı ildə o, gizli şəkildə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin 6-cı idarəsinin siyasi kəşfiyyat xətti ilə əməkdaşlıq etməyə başlayıb.
1942-ci ildə Nasist Almaniyasının siyasi təşkilatları və xüsusi xidmət orqanları tərəfindən Berlində yaradılan Erməni Milli Şurasının zirvəsinə daxil olub.
MKİ-nin yeni açılan sənədlərindən məlum olur ki, Erməni Milli Şurası Almaniyanın şərq əraziləri üzrə naziri Alfred Rozenberqə Ermənistan SSR ərazisində alman koloniyası və protektoratlığının yaradılmasını təklif edib.
Arxiv materiallarına əsasən məlum olur ki, Qaregin Njde və 30-40 nəfər ələ alınmış əməkdaşı aşağı səviyyədə istifadə olunub. Almanların özləri erməni millətçilərinin “Daşnaksütyun” mühacir təşkilatı ilə işləməyə üstünlük veriblər.
Müharibənin sonuna yaxın Njde Abver hərbi kəşfiyyatı ilə əməkdaşlıq etməyə başlayıb. Məqsəd isə Ermənistanda diversiya müharibəsi aparmaq üçün kəşfiyyatçılar hazırlamaq idi.
SMERŞ tərəfindən həbs olunduqdan sonra Qaregin Njde Kremlə məktub yazaraq Türkiyə ilə müharibəyə başlamağı təklif etmişdi.
Paşinyan Stalinin oğul atasına, daha dəqiq desək, nəvə babasına görə cavabdehlik daşımır - formulunun əksini isbat etmək üçün hər şeyi etdi: Çürük alma çürük ağacdan çox uzağa düşməz.