Rusiyada SSRİ nostalgiyasının yenidən canlanması uzun çəkmədi. Sovet ittifaqının dağılmasından dərhal sonra - 1990-cı illərin ortalarında rusların – dünyanın ən şovinist millətinin yaşadığı ölkədə “Qırmızı imperiya”nın çöküşündən duyulan peşmanlıq özünü göstərdi. Uzun çörək növbələri və boş dükanları ilə Brejnev dönəmi “dinc və firavan dövr” kimi xatırlanmağa başladı. Çünki Stalin Kremldə başqa bir simada peyda olmuşdu. Yəni, arxasını parlaq sovet keçmişinə söykəyən Putinin taxta qalxması rusların imperiya iştahını yenidən qabartdı.
Dünya müharibəsində qələbəni təmin edən və SSRİ kimi bir supergücə rəhbərlik edən güclü bir lider kimi Stalinin siması yenidən göründü. Televiziya təbliğatı yenidən bu görüntünü yaratmaq üçün çalışmağa başladı. 1930-cu illərdə siyasi repressiya dalğalarında həlak olan milyonlarla qurbanların dramatik taleləri şürurlardan silinməyə başladı.
Putinin peşmanlığı
1989-cu ildə Şərqi Avropanın “rus ayısının pəncəsi”ndən azad olması, Berlin divarının yıxılması və “Soyuq müharibə”nin sonu ruslar tərəfindən “məğlubiyyət”, “fəlakət” kimi qəbul edildi. Təəccüblü deyil ki, Putin Sovet İttifaqının süqutunu “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırdı. Yəni, bu gün Stalin bizi Putinin gözlərindən izləyir. Nə Putin, nə də rus cəmiyyəti SSRİ-nin dağılması – Rusiyanın öz imperiya gücünü itirməsi ilə razılaşır. Sovet İttifaqının süqutundan dərhal sonra Moldovaya atılan pəncə bu ölkədən böyük bir parça qopardı. Sonra Azərbaycan, sonra Gürcüstan, sonra Ukrayna – bütün bu işğalların hamısı bir gün rus ordusunun “çarın təəbəsi” kimi baxdığı bu müstəqil dövlətlərə qayıtmaq üçün hazırlanan zəmin idi. Putin hakimiyyətə gələr-gəlməz bütün kütləvi informasiya vasitələri və digər təbliğat resurslarını öz imperiya və işğal siyasətinin təbliğinə yönəltdi. Çökən rus imperiyasına yeni həyat verməyə başladı. Stalinin siyasətini pisləmək üçün bəzi addımları atan, nəhayət sovet ittifaqının daşını daş üstünə qoymayan Mixail Qorbaçov və Boris Yeltsinin siyasətini də alt-üst etdi. Baltikyanı dövlətlərin əldən çıxmasını – NATO blokuna qoşulmasının “günahını” da onların adına yazdı. Amma o, hələ də ümid edir ki, Baltikyanı dövlətlərin cəmiyyətləri SSRİ-nin dağılmasından peşmandır və Qərbin hərbi-siyasi bloklarına qoşulmağı “tarixi səhv” kimi başa düşürlər.
Çarların izi ilə
Nəhayət, Rusiyanın Ukraynanın Krım və Donbas bölgələrini işğal etməsindən sonra Putinin atdığı addımlarda Stalin və rus çarlarının izləri açıq şəkildə görünməyə başladı. İndi demək olar ki, görünən bu izlərə özünü uyğunlaşdırmağa qərar verib.
O, rusların imperiya tarixi, təcavüzkar xarakteri və şovinist ruhunu təqlid etməklə irəliyə doğru can atır. Putin Stalin kimi qarşısında “hər an onun uğrunda öləməyə hazır olan bir rus cəmiyyəti” görmək istəyir. Əlbəttə, Rusiyanı cənginə alan sosial-iqtisadi böhran barədə daha az narahat olan rus cəmiyyəti Putinin iştahını daha da qabardır və öz qanlı sərgüzəştlərini davam etdirmək üçün münbit zəmin yaradır. Stalinin Rusiyada pərəstişkarları çoxdur, birincisi Putinin özüdür.
Yəni, Putin “çar təbəələri” adlandırdığı keçmiş sovet respublikalarına nəzarəti geri qaytarmaq, öz şirin nağılına inanmaq, heç kimin qaydalarına deyil, özünə tabe olduğunu göstərmək istəyir.
İstefaya getməli olduğu halda, hakimiyyətini əbədiləşdirmək arzusunu da bu istəyi doğurur. Rusiya konstitusiyasının yenidən qurulması və prezidentlik müddətinin sayı və ardıcıllığına qoyulan məhdudiyyətlərin qaldırılmasını da bir fürsət kimi əlində saxlayır. Şübhəsiz ki, hamının gözü qabağında Krımı işğal edən bir şəxs bundan artığını etməyə qadirdir. Putinin prezidentlik saatını müddətsiz vaxta qurmasına maneəsiz şərait yaradan da elə bu addımlarıdır. Vətəndaşlarına da Stalinin eyni şeyi etdiyini xatırladaraq, onları mümkün gələcək inkişaflara hazırlayır.
Dalandakı Qarabağ
Əlbəttə, Rusiyanın siyasi paltitrasındakı rənglərin dəyişməsi və ya dəyişməməsi Azərbaycan cəmiyyəti üçün həssas məsələdir. Bu maraq isə Rusiyaya olan simpatiyadan irəli gəlmir, 30 ilə yaxındır Kremldə cərəyan edən hadisələri işğal altındakı Qarabağdan baxmağa öyrəşmişik. Rusiyadakı hər dəyişiklik ehtimalı, hər dalğalanma cəmiyyətimizdə münaqişənin həllinə bir ümid yaradır. Bir çoxumuz Qarabağı çökəcək Rusiyanın xarabalıqları altından sağ-salamat çıxaracağımıza inanır, buna görə, Putinin nə etdiyi, nə etmədiyi, niyə danışmadığı, nə üçün danışdığı bizi maraqlandırır. Əks halda, Rusiya bizə bir turist kimi öz ecazkar qadınları, qeyri-adi slavyan kültürü ilə diqqət cəlb edən bir ölkə ola bilərdi. Heyhat…
Rusiyanın daxili dinamikasının bizə toxunan hissəsinə gəlincə, bu barədə yekdil fikir 30 ilə yaxındır dəyişməzdir: Dağlıq Qarabağ münaqişəsi Rusiyanın Cənubi Qafqazda öz varlığını davam etdirmək üçün önəmli bir vasitədir.
Əldən çıxan şanslar
Bu səbəbdən də Moskva bu problemin birdəfəlik həllində maraqlı deyil və istəmir. Burada haqlı və haqsızın, işğalçı və qurbanın kim olmasından asılı olmayaraq. Rusiya, konkret adla ifadə etsək, Putin münaqişəni həll etməklə önəmli təzyiq və təsir rıçaqını əlindən kənara atmaz. Əgər tərəflərdən birinin üstünlüyü Rusiyanın bölgədəki varlığını təhdid etməsə, proseslər maraqlarından kənara çıxmasa, buna imkan yaradar. Buna görə də hələlik Rusiya nə müharibədə, nə də bölgədəki sabitlikdə maraqlıdır. Qeyd etdiyimiz kimi, nə də münaqişənin birdəfəlik həllində. Elə bu səbəbdəndir ki, nə aparılan danışıqlar həllə ümid yaradır, nə də hər gün pozulan atəşkəs müharibənin yenidən alovlanacğına inam aşılayır.
Təsadüfi deyil ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə Ermənistandan çox narahat olan Rusiya idi. Hadisələr əvvəlcə Kremldə atəşkəsin pozulması hallarının baş verdiyi adi bir gün kimi qəbul edilsə də döyüşlərin dördüncü günü artıq hərəkətə keçməyi lazım bildi. Rusiyanın hərbi-siyasi dairələri Minsk qrupunun həmsədrlərindən biri simasında dərhal öz səsini çıxardı və tərəfləri diplomatik masaya çağırdı.
Həmin dövrdə Azərbaycan ordusu Ermənistanla yanaşı, Rusiyanı da silkələdi və münaqişənin həlli üçün bir zəmin yarandı. Amma Rusiya yenə də edəcəyini etdi, Qarabağ çıxmaq istədiyi dalana qaytarıldı. Məhz rus maneəsi Qarabağda münaqişənin ortaya çıxmasından bəri gedən prosesi hər dönüş anı qolundan çəkib həmin dalana salır. Buna görə də münaqişənin həlli üçün edilən səylər Rusiyanın siyasi elitası üçün heç bir məna kəsb etmir. Bir dəfə dönüş nöqtəsi yarananda Ermənistan parlamenti gülləbaran edildi, bir dəfə də Surət Hüseynov qiyama əl atdı.
Dondurulmamış münaqişə
Rus ordusu Gürcüstandan sonra Ukraynaya da əl atanda məlum oldu ki, əslində Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, hər an partlayışa hazır bir minadır. Yəni, Rusiya bu münaqişələrin həlli üçün qollarını çırmalayacaq, amma indi yox, nə vaxtsa. Bu “nə vaxtsa” qeyri-müəyyənliyin aydınlığa çıxması isə Rusiyanın həll qarşılığında irəli sürdüyü şərtlərin yerinə yetirilib-yetirilməyəcəyindən asılıdır. Yəni, bu münaqişəni ortaya çıxaran da, prosesin istiqamətini müəyyən edən də Rusiyadır. Rusiyanın münaqişəyə öz maraqları çərçivəsindən baxması, Kremlin onun tərəfində dayanmasından həvəslənən Ermənistan rəhbərliyinin işğalçı mövqeyindən geri addım atmaması, bura qədər Rusiya ilə qanlı bıçaq olan, amma burada Rusiya ilə eyni başa sığal atan digər həmsədrlər – Fransa və ABŞ-ın pozucu fəaliyyətləri Qarabağı görünməz dalanda saxlayır. Həm də 30 ilə yaxındır…
Ruslara verilən iplər
Ermənistana gəlincə, işğalçı ölkənin ona tuşlan rus silahının qorxusu altında və Kremlin diktəsi ilə hərəkət etdiyini bilməyən yoxdur. Ermənistandakı rus hərbi bazaları bu ölkənin təhlükəsizliyinin qarantı və Kremlin Qarabağ münaqişəsinin qabağında dayandığının açıq nümayişidir. Ermənistan rəhbərliyi növbəti dəfə Azərbaycandan bir parça qoparmaq üçün bütün ipləri rusların əlinə verib. Bu da münaqişənin həll şanslarını aradan qaldıran, Rusiyanın bölgəyə daha geniş əl atmasına imkan yaradan önəmli faktorlardan biridir.
Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi Rusiyanın bölgədə qurmaq istədiyi yeni düzən üçün dayaq nöqtələrindən biridir. Donbas, Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya kimi… Əlbəttə, ehtiyac yaranarsa, Rusiya Qazaxıstan, Belarus kimi ölkələrdə də eyni ssenarini təkrarlamağa hazırdır.
Vaxtilə Azərbaycanda həyata keçirilən işğal ssenarisinin Gürcüstan və Ukraynada təkrarlanması, bunların ardından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi kimi hərbi-siyasi blokların qurulması da, o anlama gəlirdi ki, Rusiya öz təbəəsi kimi baxdığı müstəqil ölkələri yenidən öz çətiri altına yığmaq niyyətindədir. Nəinki münaqişələrin həlli ilə məşğul olmaq…