Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf istiqamətində önəmli addımlar atıb. Xüsusilə, Avropaya inteqrasiya, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı ölkəmizin həyata keçirdiyi uğurlu siyasi kursun ana xəttini təşkil edir. Təbii ki, görülən tədbirlər öz bəhrəsini verir. Bu sahədə əldə etdiyimiz uğurlar xarici dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı siyasətçilər, dövlət rəsmiləri və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilir.
Teleqraf.com-a açıqlamasında bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Millət vəkili vurğulayıb ki, Avropadakı bəzi dairələr, o cümlədən, AŞPA zaman-zaman Azərbaycanın uğurlarına qara eynəkdən baxır, öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri-obyektivliyə yol verir:
"Azərbaycan hökumətinin atdığı müsbət addımları, ölkəmizdə həyata keçirilən islahatları görməzdən gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçilərinin qarşıdurma, əsassız ittihamlar, açıq yalanlar və təhdidlər yolunu seçməsi Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır.
Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvüdür və biz hər zaman bu qurumdan ədalət, obyektivlik gözləmişik. Amma təəssüflər olsun ki, AŞPA gözləntilərimizin əksi olaraq çox vaxt qərəz nümayiş etdirib, anti-Azərbaycan qüvvələrin əlində alət rolunu oynayaraq daim ölkəmizə təzyiq göstərməyə cəhd edib.
Ötən 19 ildə AŞPA işğalçı Ermənistana ciddi şəkildə təzyiq etməyib. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq soydaşımızın taleyi ilə maraqlanmayıb. Əksinə, ölkəmiz bu qurum tərəfindən təzyiqlərlə üzləşib, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. İndiyə kimi Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bir dəfə də olsun ədalətli mövqe nümayiş etdiriblərmi? Çox təəssüflər olsun ki, yox.
AŞPA-nın mövqeyi, fəaliyyəti bax budur. Təbii ki, əgər bu, tendensiya halını alaraq belə davam edəcəksə, Azərbaycana qarşı ikili standartlarla yanaşıb, qərəzli mövqe nümayiş etdirəcəklərsə, anti-Azərbaycan qüvvələrin əlində alətə çevriləcəklərsə, bu qurumun fəaliyyəti, obyektivliyi sual altında qalacaq. Belə olan halda AŞPA ədalətsiz mövqeyindən geri çəkilməli və fəaliyyətini yenidən korrektə etməlidir”.
Millət vəkili bildirib ki, pandemiyanın ilkin mərhələsində dünya ölkələri virusla mübarizə apardığı bir zamanda, Ermənistan işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər" keçirdi, bu "seçkilər"in nəticələri isə heç bir beynəlxalq qurum tərəfindən tanınmadı: "Bu da Azərbaycan diplomatiyasının növbəti uğuru və Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətin nəticəsidir".
O vurğulayıb ki, Prezident İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində Dağlıq Qarabağda qondarma "seçkilər"in nəticələrini heç kim qəbul etmədi: "Əfsuslar olsun ki, bəzi beynəlxalq qurumlar yenə də öz ikili standartlarından əl çəkmirlər. Yenə də Avropa Şurası Parlament Assambleyası işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı hansısa bəyanat vermədi. Hər kəs çox yaxşı bilir ki, bu təşkilatda cəmləşən anti-Azərbaycan, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Dəfələrlə Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da məruzələri zamanı Robert Köçəryan və Serj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə-dönə söyləyib, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan ediblər. Lakin bu səsləndirilən fikirlərə əks olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib".
Deputat bildirib ki, bu gün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir və keçirilən “prezident seçkiləri” heç bir şeyi həll etmir: "Dünya ictimaiyyəti Dağlıq Qarabağın işğal altında qaldığını yaxşı bilir. Beynəlxalq təşkilatların bununla bağlı qərar və bəyanatları var. Ermənilər bu dırnaqarası seçkiləri keçirməklə hansısa nailiyyətlərə nail olacaqlarını düşünürdülərsə, yanıldılar deyə diqqətə çatdırıb.
Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. AŞPA isə nədənsə Ermənistanda baş verən bu hadisələri görməməzlikdən gəlir. Niyə o zaman mənfur düşmənlərimizdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında nqeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur?! Azərbaycan xalqında haqlı olaraq bu sual yaranır. Bütün bunlar Azərbaycan cəmiyyətində AŞPA-ya qarşı çox böyük etmadsızlıq, etiraz yaradır”.
Milli Məclisin üzvü vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq: "Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər".