17 İyun 2020 21:15
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiya göstərdi ki, dünya iqtisadiyyatı Çindən nə qədər asılıdır. Odur ki, Çin iqtisadiyyatında baş verəcək böhranın dünyaya təsirləri də yaxşı olmayacaq. Bu baxımdan, Çin və Hindistan arasındakı gərginliyin hərbi müstəviyə çıxması, dünya iqtisadiyyatına ağır zərbə vuracaq. Bu, arzuolunan deyil”.

Politoloq Sədərddin Soltan belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Rusiya rəhbərliyi və Suriyadakı Bəşər Əsəd rejimi arasında narazılığın yarandığı ehtimalları var. Son günlərdə rus mediasında da bu haqda materiallar dərc olunur. Sizcə, müttəfiqlər arasında belə bir narazılıq mühiti varmı?

- Rusiyanı Suriyaya Bəşər Əsəd dəvət edib. Bəşər Əsəd olmasa, Rusiyanın Suriyada qalması üçün tutacaq yoxdur. Rusiya dəfələrlə bəyan edib ki, guya onları Suriyaya bu ölkənin legitim hakimiyyəti – Bəşər Əsəd dəvət edib. Əks halda, Rusiyanın ora müdaxiləsi və ya daxil olması əsassızdır. Buna görə də, onlar arasında fikir ayrılığının olduğu inandırıcı deyil. Yəni, Rusiya oturduğu budağı baltalamaz. İranın da Suriyadakı mövcudluğu Əsədə bağlıdır. Bəşər Əsəd olmayacağı təqdirdə, Rusiya və İran Suriyada alternativ hakimiyyət qura bilməyəcək, belə bir alternativləri yoxdur. Sadəcə olaraq, Suriyada dünya ictimaiyyəti tərəfindən qəbul edilməyən, amma Rusiya və İran tərfindən dəstəklənən Bəşər Əsəd rejiminə qarşı etirazlar var. Əhali Əsəddən çoxsaylı problemləri həll etməsini gözləyir. O, həm özünün, həm də terrorçuların nəzarətində olan ərazilərin prezidenti hesab edilir. Əhali da tələb edir ki, prezidentsənsə, o zaman bizim problemləri həll et. O isə bu problemləri də həll edə bilmir və bunlardan yayınmaq üçün manevrlər edir. Məsələn, iki əvvəl yeni Baş nazir təyin etdi.

Rusiya və Suriya arasında ziddiyyətlər yarada biləcək amillərdən biri, Bəşər Əsədin özü ola bilər. Mümkündür ki, Rusiya tərəfi Bəşər Əsədə hakimiyyətdən getməsini və yerinə yeni qüvvənin gəlməsini təklif edib, Əsəd və onun dəstəkləyənlər isə Rusiya ilə razılaşmadıqlarını bildiriblər. Habelə, mövcud rejimlə Rusiya arasındakı ziddiyyətlər PKK və Türkiyəyə münasibətdə yarana bilər. Hesab edirəm ki, Rusiya Əsədin hakimiyyətdən getməsinə, hətta onun fiziki olaraq məhv edilməsinə imkan verməz. Çünki bu, Rusiyanın Suriyada qalması üçün yeganə və ən güclü arqumentidir, vasitəsidir. Bu vasitəni əlindən atsa, Rusiyanın Suriyada qalmamasını istəyən beynəlxalq ictimaiyyət təzyiqləri artırar, Rusiya özünə əsas tapa bilməz.

Məsələn, ABŞ və beynəlxalq koalisiya İŞİD-lə mübarizə və müharibədən sonrakı mərhələdə Suriyada quruculuq fəaliyyəti ilə məşğul olmaq adı altında orada vardı. ABŞ bəyan edir ki, İŞİD yenidən baş qaldıra bilər, buna görə də qoşunların bir hissəsini burada saxlayır, bir hissəsini də çıxarıb İraqa göndərir. Türkiyə də bu tərəfdən bəyan edir ki, Suriya ilə 900 kilometrdən çox sərhədləri var, bu sərhədlərdə terrorçular yerləşib, onlar da Türkiyənin təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir. Buna görə də, Türkiyə öz qüvvələrini bölgəyə yerləşdirir, habelə ABŞ və beynəlxalq ictimaiyyətə müraciət edir ki, terrorçuları buradan yığışdırsınlar. Yəni, Türkiyənin bölgədəki hərbi mövcudluğu ilə bağlı hüquqi əsasları var.

- Bəs İran və Rusiya?

- Rusiya və İranın isə heç bir əsası yoxdur. Deməli, Rusiya Əsədsiz orada qalsa, işğalçı statusunu alacaq və sanksiyalara məruz qalacaq, bölgəni tərk etməli olacaq. Sadəcə olaraq, Suriyadakı hərbi bazalarının saxlanılması və ya neft məsələsi ilə bağlı Rusiyaya icazə verilə bilər. Amma aqressiv fəaliyyətlərinə görə, Rusiyaya Yaxın Şərqdə hansısa güzəştlərin ediləcəyinə inanmıram. Liviyada baş verənlər göstərdi ki, dünya və beynəlxalq ictimaiyyət Rusiyanı Yaxın Şərqdə görmək istəmir. İstər “sülhməramlı missiya” adı altında, istərsə də “Vaqner” kimi Rusiyanın bölgədəki hərbi varlığı qəbul olunmur. Rusiyanın özünün də, Yaxın Şərqdə hərbi güc kimi qalmasına imkanı yoxdur. Rusiya zəifləyib. Çünki Rusiya bölgədəki fəaliyyətlərindən pul qazanmır, əvəzinə böyük vəsait xərcləyir.

Rusiyanın iqtisadi və maliyyə durumu pisləşməyə doğru gedir. Koronavirus pandemiyası durumu bir qədər də ağırlaşdırdı ki, bu da Rusiyaya xaricdə qoşun və qüvvə saxlamasına problem yaradır. Yaxınlarda bildirildi ki, Türkiyə, Rusiya və İranın dövlət başçıları bu məsələni müzakirə ediblər, amma növbəti müzakirə müəyyən səbəblərdən təxirə salıb. Yaxın gələcəkdə isə belə bir müzakirə gözlənilmir. Bu təxirə salınmanın özünü də, Rusiya-Suriya münasibətlərində anlaşılmazlığın yaranması kimi xarakterizə etmək olar.

- Türkiyə ordusunun bölgədəki antiterror əməliyyatlarına diqqət çəkdiniz. Bəs İdlibin taleyi necə olacaq - türk ordusu bu bölgədə yarımçıq qoyduğu əməliyyatlara geri qayıdacaqmı?

- İdlib məsələsi hələlik həlsiz qalır. İki əvvəl Türkiyə, Rusiya və İran arasında İdliblə bağlı anlaşma olmuşdu. Həmin anlaşmaya görə, bölgədə hər üç dövlətin müşahidə məntəqələri yaradılır, oradakı terrorçuların fəaliyyətləri məhdudlaşdırılır, bir müddət sonra yerli əhalidən ibarət hökumət formalaşdırılır və İdlibdəki qüvvələrin səlahiyyətləri də yerli hökumətə verilir. Amma İran və Rusiya tərəfindən dəstəklənən Bəşər Əsədin dirçəlməsindən sonra Türkiyənin İdlibdəki qüvvələrinə hücumlar edildi. Bu, Ankara və Moskva arasında ciddi narazılıqlara səbəb oldu. Bu məsələ yenidən müzakirə olundu, anlaşma əldə edildi və indi də birgə patrul xidməti həyata keçirirlər. Hazırda İdlibdə vəziyyət sabit-ağır olaraq qalır. Yəni İdlibdəki Əsəd, İran və Rusiya qüvvələri hər an aktivləşə bilər. Vəziyyət stabil deyil, durum istənilən an dəyişə və problemli ola bilər.

- Gündəmin digər məsələsi Çin və Hindistan arasında son iki gündə yaşanan silahlı qarşıdurmadır. İki nüvə gücünü üz-üzə qoyan proseslər hara qədər inkişaf edəcək?

- Çin və Hindistan müstəqil olduqdan sonra iki ölkə arasında ziddiyyətlər ortaya çıxdı. Ən ciddi problemlərdən biri ərazilərlə bağlıdır. Çin sosialist düşərgəsinə aiddir, Hindistan isə üçüncü yol axtaranlardandır, Qərbə daha çox meyl edir, vaxtilə həm SSRİ, həm də ABŞ-la əlaqələr saxlayırdı. Çinin də, Hindistanın da nüvə silahları var. İki nüvə gücünə sahib olan ölkənin qarşıdurması Hind-Çin bölgəsini və dünyanı böyük fəlakətlərə sürükləyə bilər. Hər iki ölkənin ayrı-ayrılıqda bir milyard yarımdan çox əhalisi var. İkisinin əhalisinin sayı birlikdə üç milyarddan çoxdur. Belə bir ölkələrin toqquşması da həm bölgə, həm də dünya üçün fəlakət gətirə bilər. Çünki dünyanın az qala bütün ölkələrinin iqtisadiyyatları Çinlə uzlaşdırılıb. Pandemiya göstərdi ki, dünya iqtisadiyyatı Çindən nə qədər asılıdır. Odur ki, Çin iqtisadiyyatında baş verəcək böhranın dünyaya təsirləri də yaxşı olmayacaq. Bu baxımdan, Çin və Hindistan arasındakı gərginliyin hərbi müstəviyə çıxması, dünya iqtisadiyyatına ağır zərbə vuracaq. Bu arzuolunan deyil.

Əlbəttə, bunun fəsadlarını əvvəlcədən hesablayan və bundan zərər çəkəcəyini bilən dövlətlər bu münaqişənin dərinləşməsinə imkan verməyəcəklər. Amma bunu qızışdıranlar da ola bilər, ən az tərəflərin yaxınlaşmasına imkan verməyəcəklər. Çünki Hindistan və Çinin yaxınlaşması, dünanın iqtisadi gücünün Avropadan Asiyaya keçməsi deməkdir. Buna görə də, mümkün qədər bu ölkələri bir-birindən uzaq tutmağa çalışacaqlar, lakin böyük müharibəyə imkan verməyəcəklər.

Çinin dünyanın bir nömrəli iqtisadi gücünə çevrilməsinin qarşısını almaq üçün bu münaqişədən, o cümlədən Honq-Konq və Tayvan məsələlərindən istifadə edəcəklər. Çinin böyük iddiası var və bu təhlükəlidir. O, özünü Asiyanın hegemonu sayır. Buna görə də Hindistan qarşısında ağ bayraq qaldırmaq niyyətində deyil. Onun bu hikkəsindən və iddiasından da, ziddiyyətləri dərinləşdirmək üçün istifadə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər