20 İyun 2020 17:31
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti, AŞPA, ATƏT-in Media azadlığı nümayəndəsi, Ermənistandakı səfirliklər özlərini elə aparırlar ki, sanki bu ölkədə heç nə baş verməyib. Ermənistanın baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Təsadüfi deyil ki, erməni mətbuatı da Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də "Çiçəklənən Ermənistan" Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefaya səsləməsini göstərir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, müxalifətin və “Çiçəklənən Ermənistan” partiyasının istefaya çağırış tələblərinə N.Paşinyanın cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda həmin partiyanın sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı: "Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirdi. Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub.

Ermənistanın baş prokuroru parlamentə müraciət edərək “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. Məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırılıb.

Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər”

Millət vəkilinin fikrincə, Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi təəccüb doğurur.

S.Fətəliyeva deyib ki, Çarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb:

“Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib. Halbuki hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və sair kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?”

Deputat qeyd edibki, populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır.

“Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda Paşinyanı diktator hesab edənlərin sayı artır.

Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulub. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər