Ermənistan tərəfi bu təxribatı çoxdan hazırlayırdı və Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə daim qarşı-qarşı qoymağa çalışırdı. Tovuzdakı hadisələri də məhz ermənilər başlayıb, Azərbaycan Ordusu onlara cavab vermək məcburiyyəti qarşısında qalıb. Bundan istifadə edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasla danışıb. Mənə elə gəlir ki, Zas danışıq zamanı məsələnin o qədər də ciddi olmadığı qənaətində olub. Amma görünür, sonradan Moskvadan olan hansısa təsirlər, ən azından Ermənistan siyasi hakimiyyətinin Rusiya siyasi hakimiyyətinə təsiri nəticəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daimi şurasının iclasının çağrılması qərara alınıb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, bu iclası belə tezliklə təşkil etmək o qədər də asan deyil:
“Belarus bu iclasa asanlıqla qoşulmaq istəməzdi, Qazaxıstan da həmçinin. Qırğızıstan da eyni mövqedə dayanır. Bu məsələlərdə Rusiyanın maraqlı olduğu nəzərə çarpır. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri var. KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər".
Politoloq daha sonra deyib:
“Heç kimə sirr deyil ki, Azərbaycan heç zaman Ermənistanla sərhəddə döyüşə getməzdi. Bu, KTMT ilə qarşı-qarşıya gəlmək demək olardı. Bu təxribatın ermənilər tərəfindən törədildiyini rusların da qəbul edib-etmədiyini iclasdan sonra biləcəyik. Amma əslində bu, bir təxribatdır. Təxribatı isə Ermənistan tərəfi törədib”.
Qabil Hüseynli bildirib ki, Azərbaycana belə bir hadisənin törədilməsi, ermənilərə dərs vermək lazım olsaydı, onu işğal edilmiş ərazilərlə sərhəd bölgələrində – təmas xəttində həyata keçirərdi:
“Bu saat Azərbaycana Sərsəng su anbarı ətrafında döyüşlər aparmaq hava-su kimi lazımdır. Azərbaycanın əsas kənd təsərrüfatı rayonlarının suya ehtiyacı olduğu bir vaxtda bu su anbarını ələ keçirmək Azərbaycan üçün həyati əhəmiyyətə malik olardı. Mən bu müqayisəni ona görə aparıram ki, ermənilər hətta Füzuli, Tərtər, Ağdam istiqamətində də atəşkəs rejimini pozub mülki əhaliyə atəş açıblar. Yəni o qədər hiyləgərliklə hazırlanmış və diqqəti özlərindən yayındıracaq hərəkət edirlər ki, bu məsələni tam ayırd etmək o qədər də asan deyil”.
Müsahibimiz bildirib ki, Azərbaycan belə şəraitdə beynəlxalq təşkilatlara – BMT-yə, ATƏT-ə üzünü çevirməlidir:
“ATƏT-in Minsk qrupu həmsədrləri susub səslərini çıxarmırlar. Halbuki, 2 sutkadan artıqdır cəbhədə gərgin anlar yaşanır. ATƏT-dən hələ bir səs çıxmayıb. Yaxud Minsk qrupunun həmsədrlərinin fəaliyyəti nəzərə çarpmır. Belə olan şəraitdə insanı həyəcana gətirən o məqamdır ki, ermənilər təxribata əl atırlar və bu təxribatda Moskva onları müdafiə etməyə çalışır. Üstəlik, beynəlxalq münsif olan ATƏT-in Minsk qrupu isə susur. Ən azı biz onların səsini eşitmirik. Görünür, Azərbaycan diplomatiyası doğrudan da zəif işləyirmiş ki, belə bir vəziyyət yaranıb. Hər şey ölkə prezidentinin üzərinə düşdüyündən bütövlükdə bu proseslərin hamısının öhdəsindən gəlmək çox çətin olur. Mənim zənnimcə, indiki şəraitdə artıq Azərbaycan birdəfəlik bilməlidir ki, danışıqlar masası arxasına əyləşmək demək olar ki, mümkün olmayacaq. Müharibə variantı yeganə variant olaraq qalır. KTMT adlı təşkilat, xüsusilə Ermənistandakı bazalar tərəfindən Azərbaycana qarşı təxribat hazırlansa, ölkəmiz buna da hazır olmalı və lazım gəlsə BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində məsələnin yenidən müzakirə edilməsinə nail olmalıdır”.