15 İyul 2020 11:19
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, dünən axşam gəncərin ordumuza dəstək xarakterli keçirdiyi aksiyaya münasibətinizi bilmək istərdik...

- Aksiya möhtəşəm idi. Dünya birliyi və düşmənlərimiz bir daha gördü ki, xalqımız heç vaxt işğalla barışmayacaq və xalqımız torpaqlarımızın azad olunmasını tələb edir. Aksiya zamanı bəzi təxribatçılar insanların emosional durumundan istifadə edib onları Milli Məclisin binasına daxil olmağa çağırdılar. Təəssüf ki, bu baş verdi və bir qrup gənc MM-in binasına daxil oldu. Amma təxribatçılar polisin qətiyyətli davranışı sayəsində binadan çıxarıldılar və tezliklə şəxsiyyətləri müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar. Yeri gəlmişkən, iqtidarın və polisin son dərəcə təmkinli davarınışı aksiyadan öz çirkin məqsədləri üçün istifadə etmək istəyən təxribatçıların planlarını pozdu və bu, xüsusi qeyd olunmalıdır. İkinci təəssüf doğuran məqam ondan ibarət oldu ki, həm Sumqayıtda, həm Bakıda aksiya iştirakçılarının mütləq əksəriyyəti tibbi maskalardan istifadə etmirdi və bir-birinə çox yaxın dayanmışdılar. Ölkədə hazırkı şəraitdə epidemiyanı yaymaq bizə ermənidən çox ziyan vura bilər. O xalqlar diplomatik və döyüş meydanlarında qalib gələ bilirlər ki, ən çətin şəraitdə belə qətiyyətli və soyuqqanlı olub özlərinə nəzarəti itirmirlər.

- Döyüş meydanında baş verənləri necə qiymətləndirirsiniz?

- Təəssüf verilən açıqlamalardan belə çıxır sanki razılaşma var ki, hansı silahlarla döyüşəcəyik. Amma buna baxmayaraq Azərbaycan Ordusu bacardığı qədər düşmənə zərbə vurmağa çalışır. Yüksək çinli zabit və əsgərlərimizin ölümü bizi olduqca kədərləndirir. Biz ermənilərin atəşkəsi pozmasından istifadə edib döyüşü yalnız, onların istədiyi yerdə - sərhəddə yox, həm də ikinci cəbhə açmaqla işğal altındakı torpaqlarımızda aparıb, Qarabağı azad etməliyik. Düşmənə daha ağır zərbələr endirməliyik. Müharibə böyük psixoloji və döyüş hazırlığı tələb edir. Biz itkilərdən və beynəlxalq təzyiqdən çəkinməməliyik. Risk etməyəcəyimiz halda heç vaxt torpaqlarımızı işğaldan azad edə bilməyəcəyik. Əgər bizim bilmədiyimiz səbəblərdən döyüşü dayandırmağa məcbur olacağıqsa, o zaman Ordu da daxil təcili islahatlara start verilməli, xarici siyasət kursuna yenidən baxılmalı, bitərəflilik platformasından imtina olunmalıdır. Hazırda isə xalqımız yumruq kimi ali baş komandanın ətrafında birləşməli və ona güvənməlidir.


Müəllif: Teleqraf.com