22 İyul 2020 14:00
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf.com-a XİN mətbuat xidməti idarəsindən məlumat verilib.

Baş katib Bağdad Amreyev Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikə görə baş katibə təşəkkür bildirib.
Tərəflər Azərbaycanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirib və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə edib.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə baş katibi məlumatlandırıb. O, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bəyanata görə baş katibə təşəkkürünü ifadə edib.

Xarici İşlər nazirinin daha bir telefon danışığı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpurla keçirilib.

Baş katib Hadi Süleymanpurun səmimi təbriklərini qəbul edən nazir Ceyhun Bayramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə baş katibi məlumatlandırıb. Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda hərbi işğalın davam etməsinin durduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir, Ermənistanın son hərbi təxribatı ilə bağlı baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H.Süleymanpura təşəkkürünü ifadə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər