22 İyul 2020 15:25
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyində Koreya Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş tibbi maskaların təhvil-təslim mərasimi keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış ediblər.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan və Koreya arasında qarşılıq anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun hökm sürdüyünü, Azərbaycanın epidemiya ilə apardığı mübarizənin ilk günlərindən Koreyanın Azərbaycanla həmrəylik nümayiş etdirdiyini, maddi və mənəvi dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb. Koreya Respublikası tərəfindən Azərbaycanın müxtəlif qurumları üçün virusla mübarizə mövzusunda mütəmadi video seminarların keçirildiyini qeyd edən R.Həsənov Koreya hökuməti tərəfindən Azərbaycan hökumətinə tibbi maskaların təhvil verilməsinin Azərbaycan xalqı ilə həmrəylik rəmzi olduğunu qeyd edib və bu yardıma görə Xarici İşlər Nazirliyi adından təşəkkürünü bildirib.

Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op bugünkü tədbirin koronavirus pandemiyası kimi qlobal böhranla mübarizədə Koreya və Azərbaycan əlaqələrinin yeni mərhələyə qədəm qoyaraq, gücləndirdiyi ç̧oxmənalı tədbir olduğunu diqqətə çatdırıb. Səfir Kim Tonq Op təqdim edilən maskaların Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasında köməklik, ölkələrimiz arasında dostluğun simvolu və Koreya xalqının Azərbaycan xalqına bəslədiyi sevginin nişanəsi kimi tarixə yazılacağını arzuladığını ifadə edib. Səfir daha sonra Azərbaycan dövlət başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail olması münasibətilə Azərbaycanı təbrik edib. O, Azərbaycanda koronavirus infeksiyasının yayılmağa başladığı gündən bu günədək onunla mübarizə aparan bütün əlaqədar dövlət təşkilatlarının fədakarlıq, səy və bacarıqlarına, eləcə də Azərbaycan xalqının böhranla mübarizə qabiliyyətinə görə dərin hörmətini bildirib və Azərbaycanın bu mübarizədə qalib gələcəyinə inamını ifadə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova dünyada qlobal böhrana çevrilən bu problemə qarşı beynəlxalq birliyin həmrəyliyə və əməkdaşlğa ehtiyac duyduğunu bildirib, bu mübarizədə səylərin birləşdirilməsinin və birgə addımların atılmasının, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsinin bəşəri bəlanın neytrallaşıdırlmasında önəmli olduğunu bildirib. N.Bayramova hazırda bütün dünyanın öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəltdiyi bir vaxtda Azərbaycan və Koreya hökumətlərinin sıx əməkdaşlıq əlaqələrinə sadiq qalaraq həmrəylik nümayiş etdirdiklərini məmnunluqla qeyd edib.
Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya səfiri Kim Tonq Op tərəfindən “Koreya Respublikası hökumətinin Azərbaycan Respublikası hökumətinə epidemiya əleyhinə yardım məqsədilə gətirilmiş əks-epidemik vasitələrin təhvil-təslim aktı” imzalanıb.


Müəllif: Səxavət