Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:
- Qüdrət bəy, Ermənistanla son savaşda Türkiyənin verdiyi dəstəyi qənaətbəxş hesab edirsinizmi? Siz mətbuata söyləmişdiniz ki, nə qədər ki, "Ərdoğan Türkiyənin prezidentidir biz Qarabağı azad etməliyik". Niyə belə düşünürsünüz?
- İlk növbədə ona görə ki, Ərdoğan Qərbdən asılı siyasətçi deyil və Türkiyənin maraqlarını qorumaq üçün cəsarətli mövqe ortaya qoymağı bacarır. O, hakimiyyətə gələndən sonra ölkəsinin iqtisadi və hərbi baxımdan əvvəlki dövrlə müqayisə olunmayacaq səviyyədə inkişafına nail olub. Ölkənin beynəlxalq nüfuzu xeyli yüksəlib. Güclü iradəyə sahib olan dövlət adamı kimi o, öz ölkəsinin mənafeləri tələb etdiyi halda bütün xarici təzyiqlərə davam gətirməyi bacarıb. Onun da səhvləri olub və yəqin ki, bundan sonra da olacaq, amma heç bir şişirtməyə yol vermədən tam əminliklə deyirəm ki, Atatürk qədər onun Türkiyə Respublikası qarşısında xidmətləri var.
Heç istəməzdim ki, o Türkiyəni nüvə silahına sahib ölkəyə çevirmədən və Qarabağı Azərbaycanla birlikdə işğaldan azad etmədən hakimiyyətdən getsin. Biz ermənilərin Kəlbəcəri işğal edərkən dinc insanları çıxarmaq üçün Dəmirəlin Elçibəyin xahişini rədd edərək Azərbaycana iki mülki vertolyot verməməsini, Qərbin tapşırığı ilə torpaqlarımızı işğal etməkdə davam edən edən Ermənistana taxıl göndərməsini yadımızdan çıxarmamalıyıq. Yaxud Sezərin Heydər Əliyevə "NATO izin verməsə, biz Sizə bir qurşun da verə bilmərik "deməsini də.
Türkiyə regionda əsas söz sahiblərindən birinə çevrilmək istəyirsə, təcili nüvə silahına sahib olmalıdır. Biz bir millət olaraq Türkiyədən umuruq ki, çətin günlərini yaşayan Osmanlı dövləti 100 il əvvəl Bakını işğaldan azad etdiyi kimi, Türkiyə də Ərdoğanın liderliyi ilə Qarabağı azad etməyə kömək etsin. Ərdoğan da Nuru paşa kimi adını Azərbaycanın və Türk dünyasının tarixinə qızıl hərflərlə yazsın.
Türkiyənin Qarabağın azadlığı üçün Rusiya ilə anlaşmaq imkanları bizimlə müqayisədə daha çoxdur. Türkiyə Qarabağın azadlığı üçün müstəqil fəaliyyət göstərməlidir. Ehtiyac olduqda Azərbaycan naminə beynəlxalq məsələlərdə güzəştə getməyə və qurbanlar verməyə hazır olmalıdır. "Siz müharibəyə başlayın, biz kömək edəcəyik" yanaşması keçərli deyil. Çünki şəxsən mən öz maraqlarımız naminə Türkiyənin nüvə silahına sahib Rusiya ilə nəticəsi bəlli olmayan savaşa girməsini, regionun xarabazara çevrilməsini məqbul saymıram.
Həm Azərbaycan, həm Türkiyə 30 ildən artıq bir müddətdə Qarbağın azadlığına heç bir tövhə verməyən mövcud siyasətdən imtina etməli, Rusiya ilə razılaşmanın yollarını tapmalıdırlar. Müharibə danışıqlar baş tutmayacağı təqdirdə ən son variant kimi nəzərdən keçirilməli, o zaman Qərbin və Rusiyanın açıq, İranın gizli dəstək verəcəyi Ermənistanla vuruşmağa hazır olmalıyıq. Tovuz döyüşləri zamanı Türkiyənin verdiyi bəyanatları isə yüksək qiymətləndirirəm.