Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index” hesabatındakı bəzi faktlar diqqətimi cəlb etdi. Həmin sənəddə göstərilirdi ki, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Avropanın ən qüdrətli dövlətlərindən biri olan Almaniyada fəaliyyət göstərən bir təşkilatın əsassız hesabat hazırlaması inandırıcı deyil. Belə bir hesabatı hazırlayan təşkilat faktlara əsasalanır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, bu il iyulun 12-də Tovuzla sərhəddəki təxribat zamanı bəlli oldu ki, Ermənistana Rusiyadan, Serbiyadan və digər ölkələrdən çoxlu sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib: "Göründüyü kimi, bu təxribatın qabaqcadan hazırlanması haqqında deyilənlər artıq özünü doğruldur. Çünki Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, onlar Azərbaycan Ordusu qarşısında davam gətirə bilməz. 2016-cı ilin Aprel döyüşləri də bunu təsdiqlədi. Cəmi dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi.
Düşmən böyük itki verərək, silah-sursatını atıb qaçdı. Rusiyanın Ermənistanı silahlandırması isə hüquq müdafiəçisi kimi, məni xeyli təəccübləndirdi. Axı, bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi, vasitəçlik missiyasını öz üzərinə götürüb. Necə ola bilər ki, vasitəçi işğalçı ölkəni silahlandırır və dinc əhalinin üzərinə göndərir? Təbii ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin Ermənistanı silahlandarmısaı işğalçı ölkəyə dəstəkdir".
Çingiz QƏnizadə qeyd edib ki, silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan verə bilməz: "Hazırda acınacaqlı və aciz durumda olan Ermənistana silahlar pulsuz verilir.
Rusiyanın Ermənistanı ardıcıl şəkildə silahlandlrması bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə götürdüyü öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizlik”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı ilə bağlı birgə bəyanatda və 2010-cu il iyulun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Yəni, doğurdanmı, ATƏT–in Minsk qrupu, xüsusilə Ermənistanı silahlandıran Rusiya unudur ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır? Bununla bağlı 1993- cü ildə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilib. Lakin Ermənistan tərəfi ATƏT-in Misnk qrupunun fəaliyyətsizliyindən və ikili standartlarından istifadə edərək beynəlxalq hüquq normalarını saymır, işğalçılıq siyasətinə son qoymur, əksinə, ələ keçirdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti həyata keçirir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatların oxşar qətnamələrinə məhəl qoymayan Ermənistan regionda sülhün bərqərar olmasına maneçilik törədir. Bunun əsas təşkilatçılarından biri də işğalçı ölkəni silahlandıran dövlətdir".
Hüquq müdafiəçisi qeyd edib ki, Rusiyanın Ermənistanı silahlandırması təcavüzkara dəstəkdir və işğal rejiminin qorunub saxlanmasına xidmət edir: "Torpaqlarımıza göz tikən işğalçı Ermənistan Rusiyadan aldığı silahlar hesabına regionda sülhün yaranmasına, təhlükəsizliyin möhkəmlənməsinə ciddi maneə yaradır.
Şübhəsiz ki, əvvəllər də müxtəlif vaxtlarda təcavüzkar Ermənistanın Rusiya tərəfindən silahlandırılması haqqında kifayət qədər faktlar vardır. Məhz bütün bunlar Ermənistanı daha da quduzlaşdırır və işğal siyasətini davam etdirməsinə rəvac verir. İyulun 12 də Tovuzda ermənilərin törətdiyi təxribatlardan sonra da Rusiyadan müxtəlif yollarla Ermənistana silah daşınması davam edir. Hətta Prezident İlham Əliyev bu il avqustun 12- də Rusiya Federasiyasının Prezidenti ilə telefon danışığı zamanı da bu faktı diqqətə çatdırdı. Dövlətimizin başçısı dedi ki, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur. Rusiya Prezidentinin diqqətinə çatdıraraq bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
Budurmu ATƏT-in Mİnsk qrupunun həmsədr dövlətinin üzərinə götürdüyü vasitəçilik missiyası? Rusiya işğalçı ölkəni silahlandırmaq yolu ilə münaqişəni nizamlanmaq istəyir? Digər həmsədrlər – ABŞ və Fransanın bu vaxta qədər işğalçı ölkəyə “dur!” deməmələri, sanksiya tətbiq etməmələri də bu təşkilatın öhdəliklərinə ziddir. Ona görə də ATƏT-in Minsk qrupu dərhal ləğv olunmalı və ya bu təşkilata yeni dövlətlər cəlb edilməlidir. Çünki bu qurum fəaliyyətə başladığı gündən ikili standarrlardan əl çəkmir, inkişafa qarşı hər hansı məsuliyyət daşımır və nəzarət etmir. Buna görə də heç bir uğurlu fəaliyyəti müşahidə olunmayıb.
ATƏT-in Minsk qrupunun hər üç həmsədri öz əməlləri və ayrı-seçkilikləri ilə işğalın davam etməsinə zəmin yaradır, münaqişənin ədalətli həllinə mane olur, işğalçıya hərtərəfli yardım göstərir, siyasi və hərbi dəstək verirlər. Bu isə öz növbəsində, həmin təşkilatın nə zamansa ədalətli, obyektiv mövqe nümayiş etdirəcəyini şübhə altına alır.
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi göz qabağındadır. Bir tərəfdən işğalçını silahlandırır, digər tətəfdən isə status-kvonun saxlanılmasına şərait yaradır. Hesab edirəm ki, bu qurum ya ləğv edilməli, ya da formatı dəyişdirilməlidir. Vasitəçi üzərinə götürdüyü vasitəçilik missiyasına görə münaqişəni nizamlamalıdır, daha işğalçını silahlandırmalı deyil".