20 Avqust 2020 14:09
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ilin avqust ayının 28-də Ermənistan işğalçı ordusunun diversiya qrupu tərəfindən törədilən Ballıqaya qətliamı həmin ilin fevralında törədilmiş Xocalı soyqırımının, aprel ayının 8-də törədilmiş Ağdaban qırğınının davamıdır.

Teleqraf.com-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə belə deyib.

Tarixçi alim bildirib ki, Xocalı soyqırımı və Ağdaban qırğını zamanı olduğu kimi Ballıqayada da törədilən qətliamın əsas hədəfi hərbçilər deyil, birbaşa olaraq mülki əhali olub:

“Xocalı və Ağdabandan fərqli olaraq Ballıqaya ərazisi nə ermənilərin iddia etdiyi Qarabağın dağlıq hissəsində, nə də Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən strateji yolun üzərində yerləşmirdi. Bu ərazidə alaçıqlarda məskunlaşan şəxslər Laçın rayonundan didərgin salınmış insanlar idi. 6 azyaşlının, 6 nəfər isə 58 yaşdan yuxarı ahıl, ümumilikdə isə 24 insanın qətliamın qurbanı olması faciənin nə dərəcədə ağır olduğunu göstərir. Öz doğma yurd-yuvalarından didərgin düşmüş bu günahsız insanların diversiya qrupu tərəfindən vəhşicəsinə, iriçaplı silahlarla atəşə tutularaq məhv edilməsi, yandırılması işğalçı dövlətin əsl simasını ortaya qoyur. Onların tək məqsədinin ərazi işğalı deyil, həm də bu ərazinin tarixi sahibləri olan azərbaycanlıların fiziki məhvi olduğunu göstərir. Təbii ki, bütün bunlar illər boyunca aparılmış ultra-millətçi təbliğat nəticəsində formalaşmış nifrət psixologiyasının təzahürləridir. Həm də bu nifrət təkcə türklərə, azərbaycanlılara qarşı yönəlməyib”.

Fəlsəfə doktoru qeyd edib ki, Ermənistanın müstəqilliyinin elan edilməsindən sonrakı dövrün təhlili ermənilərin göz dikdikləri, ələ keçirdikləri tarixi Azərbaycan torpaqlarında əsrlərlə sülh şəraitində yaşamış azlıqlara qarşı da soyqırım siyasəti yürütdüyünü göstərir:

“Ermənilər yəhudiləri, yezidi kürdləri, aysorları da davamlı olaraq assimilyasiya siyasətinə məruz qoyub, onları müxtəlif formalarda fiziki məhvə və ya yerdəyişməyə məcbur ediblər".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər