“Hazırda cəbhədə təhlükəli proseslər baş verir. Vəziyyət istər Ermənistan-Azərbaycan sərhədlərində, istərsə də təmas xəttində mürəkkəbləşə bilər. Yeni qarşıdurmanın yaranması ehtimalı var. Regiona silah-sursatın daxil olması tendensiyası onu göstərir ki, tərəflər həqiqətən müharibəyə hazırlaşır - danışıqlar prosesinə ümid bəslənmir”.
Politoloq İlqar Vəlizadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş baş tutdu. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında dialoqun davam etdirilməsi haqda Rusiya tərəfinin çağırışı oldu. Xarici işlər nazirimiz isə nəticəsiz danışıqlara getməyəcəyimizi dedi. Hesab etmək olarmı ki, indidən sonra Rusiya-Azərbaycan münasibətləri Moskvanın bu münaqişəyə yanaşmasından asılı olacaq?
- Əlbəttə, Moskvanın yanaşmasından çox şey asılıdır. Əslində Moskvanın Ermənistana böyük təsir imkanları var. Azərbaycan tərəfi artıq Rusiya ilə danışıqlarda bu təsirləri nəzərə alır. Son illərdə müşahidə olunur ki, Moskvanın yanaşmasında müəyyən dəyişikliklər baş verir. İstər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun, istərsə də Prezident Vladimir Putinin çıxışları göstərir ki, Rusiya bu münaqişənin həllini mərhələli şəkildə həyata keçirməyə çalışır. Bunu Moskvadan verilən rəsmi bəyanatlara əsaslanaraq deyə bilirik.
Rusiya mərhələli planın həyata keçməsini və ya substantiv danışıqların baş tutmasını istəyirsə, biz Moskvanın Ermənistana təsirlərindən danışa bilərik. Onu da qeyd edim ki, mərhələli həll planını israrla gündəmə gətirən Rusiyadır. Ümid edək ki, bunun davamı olaraq, Rusiyanın Ermənistana təsirləri artacaq.
- Bəs Moskvanın tez-tez gündəmə gətirdiyi bu “mərhələli həll planı” niyə həyata keçirilmir? Buna əngəl olan təkcə Ermənistanın danışıqlarda pozucu mövqe tutması ilə bağlıdır, yoxsa Rusiyanın istədiyi güzəştləri əldə edə bilməməsi ilə?
- Son zamanlarda bunu da görürük ki, Moskva və İrəvan arasındakı münasibətlər də dəyişib. İrəvan bəzi məsələlərdə Moskvanın istəklərini nəzərə almır. Bunu Ermənistan rəhbərliyinin daxili siyasətində də görə bilərik. Ermənistanda qərbpərəst siyasətçilərin daha təsirli rola malik olduğunu nəzərə alaraq, Moskva-İrəvan münasibətlərinin kəskinləşdiyini söyləmək olar.
Düşünürəm ki, son zamanlarda Moskva-İrəvan münasibətlərindəki ziddiyətlər artıb. Ola bilsin, bu ziddiyyətlər fonunda Moskvanın İrəvana təsirləri o qədər də güclü olmasın. Məsələn, Robert Köçəryanın həbsi. Moskva lap əvvəldən Köçəryanın azad olunmasını tələb edirdi. Amma İrəvan bu istəklərin əksinə olaraq, Köçəryana tam sərbəstlik vermədi, şərti olaraq azadlığa buraxdı. Belə məqamlar çoxdur və bunlar göstərir ki, Moskva-İrəvan münasibətləri mürəkkəbləşib.
Tərəflər arasındakı ziddiyyətlərin Dağlıq Qarabağ məsələsinə də təsirləri var. Amma digər tərəfdən məlumdur ki, Moskva rəsmi şəkildə öz sözünü deyib. Lavrov bəyan etdi ki, mövcud danışıqlar formatını dəyişdirmək doğru deyil. Ermənistan isə Qarabağdakı separatçı rejimin danışıqlar masası arxasında oturmasını istəyir. Rusiya açıq şəkildə bunun əleyhinədir. Amma Rusiyanın öz sözünün üstündə nə qədər dayanacağı sual altındadır. Hər halda Rusiyanın marağında olsaydı, bildirərdi ki, Qarabağdakı separatçı qurum danışıqlar masasına dəvət olunsun. Başqa sözlə, Moskva-İrəvan münasibətlərində ziddiyyətlər kifayət qədər qabarıqdır. Amma bu, o demək deyil ki, Rusiya Qarabağ məsələsində Ermənistana təsir göstərir.
- Ümumiyyətlə, bu plan özündə nəyi ehtiva edir, bu, hansı variantdır? Sergey Şoyqunun Bakı səfəri, nazirlərin Moskva görüşündən sonra 7 rayonun Azərbaycana qaytarılacağı ilə bağlı Rusiya və Azərbaycan medialarında gedən müzakirələrin bununla əlaqəsi varmı?
- “7 rayonun qaytarılması” və ya “Mərhələli həll” “Madrid prinsipləri”nə əsaslanır. Yəni burada yeni bir şey yoxdur. Lavrov sadəcə olaraq “Madrid prinsipləri” və özünün ən çox xoşuna gələn “Kazan sənədləri”ni gündəmə gətirir. Mərhələli həlli nəzərdə tutan bu təklifləri də tərəflər müzakirə etməlidir. Ermənistan tərəfi isə bundan qaçır, belə bir təsəvvür yaratmaq istəyir ki, guya danışıqlarda mərhələli həll planları müzakirə olunmur, ümumiyyətlə danışıqlar gedir. Bəs nə barədə danışırlar?
Danışıqlar prosesinin yazılmamış qaydaları var – tərəflər bu müzakirələrin mahiyyəti barədə açıqlamalar vermirlər. Yəni ortada qaranlıq məqamlar çoxdur. Bu danışıqlar ətrafında müxtəlif səviyyələrdə gedən müzakirələr də göstərir ki, bu mərhələli həll planlarının reallaşdırılmasına cəhdlər var. Amma bunların konturları və formulları müəyyən deyil.
Bir neçə ay öncə Ermənistan – Paşinyan tərəfindən belə bir informasiya sızdırıldı ki, Serj Sərkisyan vaxtilə bu mərhələli həll planına – bir neçə rayonun Azərbaycana qaytarılmasına razılıq verib. Çox güman ki, Paşinyan bu mərhələli həllin əleyhinədir. Lavrovun son bəyanatları da onu göstərir ki, əsas məqsəd tərəfləri indiyədək olan danışıqlarda əldə edilmiş razılaşmalara qaytarmaqdır. Yəqin ki, bunu deyəndə də Ermənistanı nəzərə alır. Hesab edirəm ki, bu cəhdlər alınsa, Azərbaycan nəticəsi olacaq danışıqlara gedəcək. İndi isə bizə məlum olmayan proseslər gedir.
Hazırda cəbhədə təhlükəli proseslər baş verir. Vəziyyət istər Ermənistan-Azərbaycan sərhədlərində, istərsə də təmas xəttində mürəkkəbləşə bilər. Yeni qarşıdurmanın yaranması ehtimalı var. Regiona silah-sursatın daxil olması tendensiyası onu göstərir ki, tərəflər həqiqətən mühribəyə hazırlaşır - ümidlər danışıqlar prosesinə bəslənmir.
- Yəni Rusiyanın indiyədək görünməmiş formada Ermənistandakı hərbi gücünü artırması bununla bağlıdır?
- Azərbaycan tərəfi rəsmi şəkildə Rusiyaya müraciət edərək, bu məsələyə aydınlıq gətirməsini istədi. Şoyqu Bakıda olanda bəyan etdi ki, Rusiyadan Ermənistana təyyarələr vasitəsilə daşınan mallar tikinti materiallarıdır, bunlar Gümrüdəki 102-ci bazaya aparılıb, Ermənistana yox. Amma Azərbaycan tərəfindən aydın olmayan məsələlər var. Düşünürəm ki, qarşıda duran zamanda bunları aydınlaşdırmağa çalışmalıyıq.
Şəxsən mən düşünmürəm ki, yük dolu dəyyarələrin hamısı Ermənistan ordusu üçün silah-sursat daşıyıb. Yəqin ki, Moskva xüsusən də Rusiya-Ermənistan münasibətlərindəki ziddiyyətlər fonunda buna getməz. Amma Moskva Azərbaycan tərəfinə daha təsirli və inandırıcı cavablar verməlidir. Biz belə bir izah gözləyirik. Əgər Rusiya bu məsələ ətrafında əlavə müzakirələrin yaranmasını istəmirsə, o zaman inandırıcı şəkildə izah verməlidir ki, bu silahlar Ermənistan ordusuna verilməyib, Gümrüdəki hərbi bazaya göndərilib.
- Rusiyanın bölgədə öz nüfuzunu gücləndirmək səylərinə qarşı öz iddiasını ortaya qoyan Türkiyə hansı addımları ata bilər, öz yerini möhkəmlədən qərarlar verə bilərmi?
- Belə bir qərar verə bilər. Hər şey müharibə ehtimalına və ssenarilərinə hesablanıb. Hesab edirəm ki, müharibə başlasa, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq öz sözünü deyəcək. Belə bir durumda Türkiyə Azərbaycana hərbi yardım edə, müəyyən dəstək verə bilər. Amma Ermənistanla savaşda dəstəyə ehtiyacımız yoxdur. Azərbaycan ordusu kifayət qədər güclüdür və qarşıya qoyulan vəzifələri yerinə yetirmək iqtidarındadır. Amma Rusiya Ermənistanın yanında olsa, Türkiyə özünü göstərə və ya regionda hərbi-siyasi balansın saxlanılmasına üçün öz töhfəsini verə bilər.