7 May 20:19
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonşumuz Veneranın vaxtilə Yer kürəsi kimi suya sahib olduğu güman edilir, amma onun necə cəhənnəmə çevrilməsi mövzusu illərdir elm adamlarınının beyinlərini yorur.

Teleqraf.com xəbər verir ki, elm adamları yeni araşdırmada Veneranın HCO+-nın dissosiativ rekombinasiyası adlı kimyəvi reaksiya nəticəsində sularını itirmiş ola biləcəyini irəli sürürlər.

Tədqiqatçıların fikrincə, yeni nəzəriyyə Veneranın necə quruduğuna dair əvvəlki fərziyyələrdəki bəzi ziddiyyətləri aradan qaldıra bilər.

Venera oxşar ölçüsü və yaxınlığına görə “Yerin bacı”sı adlandırılır. Venera əsasən karbon qazı və Günəş işığını qeyri-şəffaf edən sulfat turşusu buludlarından ibarət sıx atmosferə malikdir. Planetin atmosferi Yerinkindən qat-qat sıx və istidir, səthindəki atmosfer təzyiqi dünyadan təxminən 92 dəfə yüksəkdir. Ərazi əsasən kükürdlü toz təbəqəsi ilə örtülüb, minlərlə vulkan var, bəziləri hələ də aktiv ola bilər.

“Venera araşdırılması çətin planetdir, metal kosmik gəmi dəqiqələr içində əriyir. Səthin orta temperaturu 867 dərəcədir. Bunun səbəbi Günəşə Yerdən daha yaxın və 96 faiz CO2 (karbon qazı) təşkil edən superistixana atmosferinə malik olmasıdır. Veneraya düşən hər cisim sözün əsl mənasında əriyir və qatrana çevrilir. Əlbəttə, Venerada su yoxdur”, - Avstraliyanın Kertin Universitetinin professoru Martin van Kranendonk “Newsweek”ə deyib.

Ehtimala görə, Veneranın tarixinin ilkin dövrlərində okeanlar və ya səthdə böyük su kütlələri şəklində ciddi həcmdə suya malik olub. Zamanla Günəş radiasiyası artdıqca və geoloji fəaliyyət daha çox karbon qazı buraxdıqca, Venera qarşısı alına bilməyən istixana effekti yaşaya bilərdi. Bu, yerüstü suların buxarlanmasına, atmosfer təzyiqinin artmasına səbəb ola və həddindən artıq yüksək temperatura gətirib çıxara, planeti indiki kimi əlverişsiz yerə çevirə bilərdi.

Yeni tədqiqata görə, Venera HCO+-nın dissosiativ rekombinasiyası adlı kimyəvi reaksiya nəticəsində atmosferindəki bütün buxarlanan suyu itirib. Bu, HCO+ ionlarının elektronlarla birləşərək karbonmonoksid və hidrogen atomlarını əmələ gətirən, sonra kosmosda itirən prosesdir.

Əvvəlki nəzəriyyələr Veneradakı suyun qazın planetin atmosferindən necə çıxdığını izah edən “hidrodinamik çıxış adlanan” proses vasitəsilə itirilməsi ehtimalını irəli sürür. Ancaq bu proses bu gün Venerada gördüyümüz quraq şəraitə gətirib çıxaracaq qədər su çıxara bilməmişdi. Digər tərəfdən, HCO+-nın dissosiativ rekombinasiyası suyun hidrodinamik axınla proqnozlaşdırılandan iki dəfə tez itirilməsi demək olardı. Bu, həmçinin bundan əvvəl Veneraya göndərilən kosmik gəmilərin gətirdiyi məlumatlarla uyğunsuzluğu göstərir.

HCO+-nın dissosiativ rekombinasiyasının Veneranın suyunun çox hissəsini itirməsinə səbəb olub-olmadığını müəyyən etmək üçün planetə əlavə missiyalar lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu