15 Sentyabr 2020 09:05
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma aparmasına beynəlxalq birliyin münasibəti necədir?

- Ermənistan dünya problemlərinə, beynəlxalq hüquq normalarına orta əsr təfəkkürü ilə yanaşır. Azərbaycan ərazisinin bir hissəsini işğalda saxlaması, qonşu dövlətlərə torpaq iddiası irəli sürməsi də bu qəbildəndir. İşğalçı Ermənistanın açıq şəkildə beynəlxalq konvensiyaları pozaraq Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik balansı pozması çox böyük bir siyasi provakasiyadır. Dünya bu gün Livanın düşdüyü ağır vəziyyətə kömək fövqündə dayanır. Ermənistan isə buradan müəyyən bir qrup əhalini işğal edilmiş torpaqlara köçürməklə özünün çirkin siyasi niyyətini həyata keçirir. Bununla da Ermənistan yenidən beynəlxalq birliyin yaddaşına qanunlara hörmət etməyən, mehriban qonşuluq siyasətini yerinə yetirməkdən imtina edən bir dövlət kimi düşdü. Eyni zamanda Azərbaycan bu məsələ ilə bağlı heç vaxt razılaşmayıb. Bunun da ağrısını Ermənistan çəkəcək. Erməni yalanlarına uyub işğaldakı Azərbaycan ərazilərinə gələn Livan erməniləri də nə qədər çirkin bir oyunun içərisinə düşdüklərinin fərqində olmalıdırlar.

- Düşmənin bu addımının arxasında hansı amillər dayanır?

- Ermənitanda bu gün daxili siyasi vəziyyət hakim komanda üçün heç də əlverişli deyil. Paşinyanın reytinqi çox kritik bir səviyyəyə - 17 faizə qədər azalıb. Yəni, bu da onu göstərir ki, onun hakimiyyətdə qalmaq şansı həddən artıq azdır. Bu vəziyyəti düzəltmək üçün Paşinyan başqa bir metoddan yararlanmağa çalışır. O məsələni erməni millətçilyi, Azərbaycanla münaqişəyə və ölkəmizə qarşı torpaq iddiası məsələsinə yönəldir. Tovuz döyüşlərindən sonra vaxtaşırı provakasiya xarakterli bəyanatlar da məhz onun daxili auditoriyanı aldatmağa hesablanmış cəhdi olaraq dəyərləndirilir. Sonradan da Livan ermənilərinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi məsələsi də məhz bu zəncirin halqasıdır. Bunun ardınca işğal edilmiş zonada rəhbər şəxslərdən birinin "Ermənistan və Qarabağdakı ordu eyni anlam daşıyır" - deməsi də heç təsadüf deyil. Yəni bunun özü göstərir ki, Ermənistan rəhbərliyi belə siyasi kampaniyalarla reytinqini artırmağa çalışır. Bu cür kampaniyaları Paşinyandan öncə Sərkisyan və Köçəryan da həyata keçirmək istəyirdi. Ancaq alınmadı. Ona görə də indiki Ermənistan rəhbərliyi özündən əvvəlkilərin siyasi sonluğundan nəticə çıxarmalıdır. Əks təqdirdə onun da eyni aqibəti yaşaması qaçılmaz olacaq.

- İşğal edilmiş ərazilərimizə qanunsuz olaraq əhali yerləşdirilməsinə beynəlxalq təşkilatlar niyə səssiz qalır?

- Ermənistan bu addımları ilə beynəlxalq konvensiyaları pozur. Bu göz önündədir. Ancaq çox təəssüf ki, beynəlxalq təşkilatlar, müəyyən dairələr Dağlıq Qarabağ məsələsi ilə bağlı ikili standartlardan çıxış edirlər. Əgər başqa bir ölkə tərəfindən bu cür qanunsuz məskunlaşdırma və buna bənzər hallar baş versəydi, çoxdan müəyyən addımlar atılar, sanksiya tətbiq edilərdi. Ermənistanın etdiyi bütün cinayətlərə göz yumulur, işğalçı ölkənin açıq-aşkar, həyasızcasına beynəlxalq hüququ pozmasına şərait yaradılır.

- Qarabağda yenidən hərbi əməliyyatlar başlayacağı halda əraziyə yerləşdirilən ailələrin aqibəti necə olacaq?

- Azərbaycan heç bir zaman mülki əhaliyə qarşı hərbi əməliyyatlar aparmayıb. Ermənistan tərəfi də bununla bağlı indiyə kimi heç bir fakt ortaya qoya bilməyib. Ancaq bununla belə Azərbaycan hərbi əməliyyatlara başlayacaqsa, əlbəttə ki, işğal edilmiş ərazilərdən dinc əhalinin çıxarılması məqbul olacaq. Eyni zamanda hərbi əməliyyatlar zamanı dinc əhali və onların təhlükəsizliyi narahatlıq doğurur. Bu baxımdan Ermənistan bilərəkdən öz vətəndaşlarını və kənardan gətirdiyi insanları böyük təhlükə altında qoyur. Belə bir hal yaranacağı təqdirdə bütün məhsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər