İndiki reallıq şəraitində danışıqların hər hansı bir səmərəsinə ümid etmək üçün bir əsas yoxdur. Çünki ATƏT-in Minsk Qrupu münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe sərgiləmir. Danışıqların konkret olaraq predmeti ilə bağlı da həmsədrlər aydın təsüvvürə malik deyil.
Bu fikirləri Teleraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
O qeyd edib ki, hər şeydən öncə ATƏT tərəfindən Ermənistan işğalçı dövlət kimi tanınmalıdır.
Millət vəkili bundan sonra danışıqların hansı istiqamət üzrə gedəcəyi ilə bağlı təsəvvür formalaşmasının mümkünlüyünü söyləyib: “Çünki ATƏT-in Minsk Qrupunun bu günə kimi təşkil etdiyi danışıqlar hər hansı bir nəticəyə verməyib. Baxmayaraq ki, müəyyən məqamlarla bağlı çox da aydın olmayan razılaşmaların mövcudluğu haqqında fikirlər səslənib. Nəticədə aydın olub ki, işğalçı Ermənistan bu günə kimi təşkil edilmiş danışıqların mahiyyətini heçə endirir. Yəni, işğalçı ölkənin baş naziri Paşinyan "Dağlıq Qarabağ Ermənistandır, nöqtə" deyərək sərsəm, separatçı bəyanatlar səsləndirir. Bununla yanaşı işğalçı ölkənin hökumət rəhbəri münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı olduğunu göstərməyə çalışır. Təbii ki, bu riyakarlıqdan başqa bir şey deyil. Paralel olaraq Minsk Qrupu da işğalçı Ermənistanı bu mövqeyini haradasa dəstəkləyici mövqedən çıxış edir”.
Millət vəkilin sözlərinə görə, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların aparılması məqbuldur: “Amma sonsuza qədər mənasız danışıqların aparılmasının heç bir əsası yoxdur. Çünki ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsi ilə bağlı normal yanaşma sərgiləmir. Tovuz istiqamətdə erməni təxribatı ilə bağlı ATƏT-in sərgilədiyi növbətçi mövqedən də aydın oldu ki, onlar münaqişə vəziyyəti ilə bağlı obyektiv deyil”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, həmsədr ölkələr hər şeydən öncə münaqişənin tənzimlənməsi ilə bağlı fərqli mövqe sərgiləməlidir:
“Təşkilat Ermənistanla bağlı münasibətlərinə aydınlıq gətirməlidir. Açıq mətnlə səsləndirməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayır. Vurğulanmalıdır ki, danışıqların məqsədi işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən ibarətdir. ATƏT tərəfindən belə bir mövqe sərgilənərsə, danışıqların müəyyən səmərələrini düşünmək üçün ciddi əsas yarana bilər”.