24 Sentyabr 2020 17:07
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın danışıqlar prosesini tam pozduğunu, onu dəstəkləyən qüvvələrlə hazırda müharibəyə hazırlaşdığını görürük. Bir sıra məlumat var ki, Ermənistan Rusiyadan küllü miqdarda silah alıb və İran vasitəsilə İrəvana gətirib. Eyni zamanda Ermənistan Orta Şərqdən erməni yaraqlı qatillərini Azərbaycanın işğal olunan ərazisində yerləşdirib. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan danışıqlar prosesini təsadüfən pozmayıb. Müharibəyə hazırlaşır.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hazırda regionda müşahidə olunan vəziyyəti şərh edərkən deyib.

Asim Mollazadə bildirib ki, Ermənistanda sosial-iqtisadi durum gərgindir, idarəetmədə köklü dəyişikliklər baş vermədi:

"Həbs edilən köhnə hakimiyyət nümayəndələri azadlığa buraxılıb və yenidən siyasi fəaliyyətlə məşğul olurlar. Eləcə də erməni parlamentində əsas müxalif qüvvələr də fəallaşıb. Ermənistanda vəziyyət siyasi baxımdan günü-gündən pisləşdiyi üçün onlar prosesi hərbi müstəviyə keçirməyi, verilən silahlar sayəsində yeni ərazilər ələ keçirməyi düşünürlər”.

Deputat qeyd edib ki, Ermənistan bu addımları ilə paralel olaraq beynəlxalq qurumların tələblərini yerinə yetirmirlər:

“Hazırda Ermənistana qarşı hər hansı bir qınaq yoxdur. Minsk Qrupu diplomatik turizmlə məşğuldur. Onların dişsiz bəyanatlar verməsi əslində Ermənistana dəstəkdir. Onların fəaliyyəti görünməyəndə ermənilər daha da azğınlaşır. İndi Ermənistan nəinki sülhə hazır deyil, əksinə, təcavüzü genişləndirmək istəyir.

Məncə, indi BMT-nin müdaxiləsinə ehtiyac var. Minsk Qrupunun yaradılması, ATƏT-ə verilən mandat əslində münaqişənin həllinə köməklik etmədi. Bu gün beynəlxalq qurumlar öz təməl sənədlərinə əməl etməli, təcavüzkara qarşı qərarlar qəbul etməlidirlər”.

A. Mollazadə əlavə edib ki, Ermənistanın təxribatlarına Azərbaycan hər zaman cavab verməyə hazırdır:

“İndi 1990-cı illərin əvvəli deyil. Bu gün Azərbaycanın silahlı qüvvələri, geniş imkanları var. Azərbaycana dəstək verən ölkələrin sayı günü-gündən artır. Odur ki, istənilən təxribata çox ciddi cavab veriləcək. Azərbaycan müharibə istəmir, real danışıqlarla problemin həllindən yanadır. Amma Ermənistan hərbi əməliyyatlara başlasa cavabını alacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər