Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatları zamanı əldə edilən uğurları, azad edilən torpaqları düşmən tədricən etiraf etməyə başlayıb.
Teleqraf.com-un nməlumatına görə, Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağda qurulan separatçı və terrorçu rejimin “nümayəndəsi” Arayik Harutyunyan etiraf edib ki, Azərbaycan Ordusu bir sıra istiqamətlərdə irəliləyib və qarşı tərəfi ağır vəziyyətə salıb.
Separatçı rejimin nümayəndəsinin dünya ermənilərindən dəstək istəməsi əslində saxta qurumun yıxılmaq ərəfəsində olduğuna işarətdir. Onsuz da neçə illərdir ki, Azərbaycan siyasəti, ekspert çevrəsi Qarabağda işğaldan sonra qurulan rejimin terrorçu mahiyyətdə olduğunu, onun heç bir dayağının olmadığını, hətta orada yaşamağa məcbur olan sadə ermənilərin iradəsinin zor gücünə sındırıldığını qeyd edirdilər.
“Ayna-Zerkola” qəzetinin rəhbəri, siyasi şərhçi Elçin Şıxlı Teleqraf.com-a açıqlamasında deyib ki, qondarma qurumun “rəhbərlərinin” nəhayətdə etiraflar etməsi də göstərir ki, şanlı Azərbaycan Ordusu irəliləyib və əsgərlərinin vətənpərvərlik hissi yüksək həddədir. Onun sözlərinə görə, Azərbaycan Ordusu öz ərazisində anti-terror əməliyyatları aparır:
“Ordumuz müasir silahlardan, incə döyüş taktikasından istifadə edərək düşmənin 25-30 il müddətində qurduğu lağım və betonlaşdırılan müdafiə xəttini yarıb. Mənə elə gəlir ki, maksimum bir həftədən sonra onlar uduzduqlarını hansısa formada boyunlarına alacaqlar. Əslində onların uduzduqlarının əlamətləri görünür. Bu cür davam etsə, maksimum bir həftəyə təslim ola bilərlər. Amma nəzərə almaq vacibdir ki, Azərbaycan Ordusu humanitar atəşkəsə əməl edir və yalnız düşmənin əks-həmlələrini dəf edir. Əgər humanitar atəşkəs elan edilməsəydi, ordumuz onları daha ağır vəziyyətə salacaqdı”.
Elçin Şıxlı əlavə edib ki, ölkə Prezidenti Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində eyhamla deyib ki, bir neçə məntəqə və strateji yerləri özümüzə qaytarmışıq:
“Ehtimal edirəm ki, indi orada möhkəmlənmə işləri gedir və bir neçə gündən sonra həmin ərazilərin Azərbaycan Ordusunun nəzarətində olduğunu görəcəyik. İndi vəziyyət belədir”.
Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulduğunu, Gəncədə dinc və mülki insanların hədəfə alındığını xatırladan müsahibimiz bildirib ki, Azərbaycan həm hərbi, həm də diplomatik meydanda üstünlüyə malikdir:
“Biz çalışmalıyıq ki, hərbi üstünlüklərlə yanaşı, diplomatik və siyasi meydanda da üstünlüyümüzü təmin edək. Qeyd edim ki, ordumuzdan, Ali Baş Komandandan və müsəlləh əsgər, zabit korpusumuzdan çox şey asılıdır. Onların qarşısında heç kim dura bilməz”.