19 Oktyabr 2020 16:58
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ Azərbaycan ərazisidir və hazırda orada şiddətli döyüşlər gedir. Belə bir vəziyyətdə Almaniya parlamentinin deputatlarının Qarabağa səfəri müxtəlif suallar doğurur. Almaniya ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir, buna görə münaqişə ilə bağlı tutduğu mövqe tərəfsiz, obyektiv, neytral olmalıdır. Ancaq həmin deputatlar üzərinə götürdükləri öhdəliyin ziddinə addım atıblar.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlərdəndir:

“Belə olan halda alman deputatların qondarma rejimin dəvəti ilə Dağlıq Qarabağa səfərlərinə heç bir ad vermək olmur. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Almaniya BMT TŞ-nın qeyri-daimi üzvlərindən biridir. Artiq 6-ci dəfədir ki, Almaniya bu vəzifəyə seçilir. TŞ-nın üzvü olan bir dövlətdən həmin şuranın çıxarmış olduğu qətnamələrə bu qədər laqeyd, biganə mövqe təəssüf doğurur. Almaniya bilmir ki, BMT TŞ-nın qətnamələrinin icrası məsələsi BMT Nizamnaməsinin 5-ci fəsil 25-ci maddəsinə görə, icbaridir!”. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi həmin alman deputatları arzuolunmaz şəxslər siyahısına salacaq. Çünki Azərbaycanın qanuni ərazilərinə daxil olan istənilən şəxs ölkəmizi məlumatlandırmalıdır".

Elman Nəsirov qeyd edib ki, Şteffen Kotrenin, Andreas Kalbitzin və Andreas Qalaonın Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfəri qəbuledilməzdir:

“Eyni zamanda bu deputatların təmsil olunduğu “Almaniya üçün alternativ” Partiyası Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas istəkləri Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir. “AfD” ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə İslam dini ilə bağlı dərslərin Alman dilində tədrisini tələb edir. Onlar Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınırlar. Aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edirlər. Bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı