28 Oktyabr 2020 11:10
26 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan yaxın günlərdə istefa verə bilər. Ermənistanın ilk baş naziri, Daşnaksütunun İdarə heyətinin sədr müavini Vazgen Manukyan bəyan edib ki, ölkədəki vəziyyəti dəyişmək üçün yeganə çıxış yolu Paşinyanın istefasıdır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalist Elçin Alıoğlu deyib.

“Manukyan bildirib ki, hökumət istefa verməli, bütün hakimiyyət səlahiyyətləri orduya keçməlidir. Manukyanın dediklərinə diqqət və önəm verməyim səbəbsiz deyil. Bəli, Ermənistanda siyasətçi çoxdur, Nikol Paşinyanı tənqid edən və söyən ondan da çoxdur. Sadəcə, Vazgen Manukyan daşnakların faktiki rəhbəri və ideoloqu olmaqla yanaşı, “sprük”ün, yəni xarici ölkələrdəki erməni diasporunun Ermənistandakı “elçisi” sayılır. Manukyanın tələbi əslində erməni diasporunun tələbidir”, - jurnalist qeyd edib.

Elçin Alıoğlu qeyd edib ki, daşnaklarla yanaşı, Ermənistandakı digər müxalifət partiyaları da Paşinyanın istefasını tələb edirlər:

“Ermənilər arasında narazılıq artır. Ermənilər yazırlar ki, Paşinyan hakimiyyətdə nə qədər çox qalarsa,, Ermənistan Qarabağ savaşında bir o qədər çox ərazi və əsgər itirəcək. Paşinyanın ölkə daxilindəki təbliğatı, Fransa Prezidenti Makrondan yardım diləməsi də onu xilas edən deyil. Ermənistan baş nazirinin xalqa sonuncu müraciətində əsl isteriyaya qapılması deyilənlərin bariz sübutudur. Paşinyan dərk edir ki, rəsmi Bakıya yalnız Rusiya və ABŞ təzyiq edə bilər. Vaşinqtonla Moskva isə bunu etmək istəmir.

ABŞ Prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında amerikalı erməniləri öz tərəfinə çəkmək üçün onları tərifləyir, vədlər verir. Amma bu vədlərin sonradan reallaşma ehtimalı sıfıra bərabərdir - tarix bunu sübut edir.

Rusiya isə Ermənistan ərazisindəki 102-ci hərbi bazadakı texnikasının bir qismini gizli şəkildə ermənilərə verərək Qarabağa yollayıb və bununla da işini bitmiş sayıb. Üstəlik, Moskva Paşinyana təklif edib ki, Bakı ilə danışıqlarda Ermənistanın nümayəndə heyətində sabiq prezident Robert Köçəryan da olsun”.

Jurnalist hadisələrin mümkün inkişaf ssenarisi belə ola biləcəyini söyləyib:

“Birinci, ABŞ, Fransa və Rusiyanın zahirən soyuqqanlı, laqeyd davranışı davam edəcək. Azərbaycan ordusu hərbi əməliyyatları davam etdirərək Kəlbəcər, Laçın, Xocavənd, Ağdərə və Ağdam rayonlarını da azad edəcək, daha sonra Şuşa azad ediləcək. Xankəndidəki terrorçu xunta kapitulyasiya edəcək. İkinci, baş verənlərdə ermənilər Nikol Paşinyanı suçlayacaqlar.

Üçüncü, Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbçilərindən ibarət kontingent Ermənistan-Azərbaycan sərhədinə yerləşdirələcək: “Ermənistanı xaricdən müdaxilədən qorumaq üçün”. Bundan sonra Qarabağla bağlı danışıqlar başlanacaq və sülh müqaviləsi imzalanacaq.

Son günlərdə “Türkiyənin xüsusi təyinatlılarından ibarət dəstələr Ermənistana girməyə hazırlaşır”, “Azərbaycan Ordusu Ermənistanın Zəngəzur vilayətinə daxil olmaq niyyətindədir” kimi şayiələrin sosial şəbəkələrdə yayılması da bilavasitə Rusiya xüsusi xidmət strukturlarının fəaliyyətinin nəticəsidir. Bu marazmatik, absurd şayiələrin məqsədi təlaş, Qarabağ savaşındakı məğlubiyyətlərə görə ruh düşkünlüyü və pərişanlıq içində olan Ermənistan vətəndaşlarını daha da qorxutmaq, onlarda Paşinyana nifrəti artırmaq, sonra da rus hərbçilərinin sərhəddə peyda olmasını “ermənilərin xilası” kimi təbliğ etməkdir.

Beləliklə, Ermənistan Rusiyanın təsir orbitində forpost kimi qalır, Paşinyan devrilir, Moskva habelə Bakını da ifrat dərəcədə qıcıqlandırmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər