Əslində Rusiya Prezidenti Vladimir Putinin bəyan etdiyi 5+2 prinsipi dəfələrlə Ermənistana təklif edilib. Əfsuslar olsun ki, Ermənistan tərəfi bu təklifləri qəbul etməyib. Bundan əvvəlki erməni hakimiyyəti danışıqların imitasiyasını həyata keçirib, vaxt udmağa çalışıb. Paşinyan isə heç imitasiya etmək də istəmədi və açıq bəyan etdi ki, “Qarabağ Ermənistandır”. Prezident Putinin irəli sürdüyü həmin təkliflərə Azərbaycan müsbət yanaşsa da, Ermənistan onu rədd etmişdi. Mənə elə gəlir ki, indi həmsədr ölkələr daxil olmaqla vasitəçilər başqa təklif və prinsiplər irəli sürə bilmirlər.
Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə deyib.
O, əlavə edib ki, reallıq Azərbaycan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin həyata keçirməsidir: “Minsk Qrupunun təkliflərini, eləcə də qətnamələri həyata keçirmək üçün ordumuz Ermənistanı sülhə məcburetmə əməliyyatı həyata keçirir. Onu da qeyd edim ki, əslində Azərbaycan Putinin irəli sürdüyü təkliflərin bir qismini həyata keçirib.
Yeganə bir məqam Haaqa Tribunalıdır. Ermənistan kütləvi şəkildə mülki əhalimizi qətlə yetirərək hərbi cinayətlər törədir. Biz hərbi cinayətləri ədalətin mühakiməsinə cəlb etməliyik. Ordumuz bunu həyata keçirəcək”.
Asim Mollazadə qeyd edib ki, əslində Azərbaycan hər zaman danışıqlara hazır olub: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hər zaman hazırdır. Sadəcə olaraq Ermənistan ordusunu ərazilərimizdən çıxarmalıdır. Bundan sonra real danışıqlar həyata keçirilə bilər”.