Kəlbəcər 1993-cü ildə Ermənistan tərəfindən işğal edildi. Həmin dövrdə Azərbaycanın müdafiə sisteminin yox səviyyəsində olması, Ermənistanın kənardan dəstək alması buna səbəb oldu. 27 il sonra 10 noyabr razılaşmasının şərtlərinə əsasən Ermənistan Kəlbəcəri Azərbaycan təhvil verdi. Bu, Azərbaycanın apardığı zəfər savaşının birbaşa nəticəsidir. Bir çox hallarda bildirilir ki, Kəlbəcər və digər ərazilərimiz bir güllə atmadan boşaldılır. Təbii ki, bununla razılaşmaq olar. Azərbaycan bir güllə atmadan Ağdamın, Kəlbəcərin işğaldan azad edilməsinə nail oldu.
Bunu Teleqraf.com-a millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, prosesi bu həddə çatdırana qədər Azərbaycan xalqı əzmlə mübarizə aparıb:
“Gücümüzü işğalçı Ermənistana və dünyaya göstərdik. Bunu da öz gücümüz hesabına etdik. Kəlbəcəri azad etdik. Bu, torpaqları işğaldan azad etməyimizin davamıdır. Gücümüzün, iradəmizin nəticəsi, göstəricisidir”.
Deputatın fikrincə, Ermənistan kapitulyasiya sənədinə imza atmasaydı, onun bir dövlət olaraq mövcudluğu sual altına düşəcəkdi:
“Rusiya Prezidenti Vladimir Putin də vəziyyətə işarə edərək vurğuladı ki, Ermənistanın razılaşmadan imtinası onun intiharına bərabərdir. Bu, birbaşa Ermənistana yönəlmiş mövqe idi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Dünyaya nümayiş etdirdi ki, danışıqlar, dinc vasitələr nəticə vermədiyi halda hərbi güc tətbiq etmək zəruri olur. Dünya Azərbaycanın bu addımından gələcək mövqeləri üçün nəticə çıxaracaq. Azərbaycan torpaqlarını öz gücü hesabına azad etməklə dünya miqyasında işğalçılıq siyasəti həyata keçirmək arzusunda olanlara da dərs verdi. Eyni zamanda separatizmə öldürücü zərbə vurdu. Ermənistanın təcavüzkarlığının qarşısı ciddi şəkildə alındı. Çünki bu tendensiya regional təhlükəsizliyə davamlı təhdid yaradırdı. Bunun qarşısını Azərbaycan dövləti, Ordumuz aldı. Bundan sonra Cənubi Qafqazın işlək təhlükəsizlik sistemi yaranacaq. Regionda yeni geosiyasi konfiqurasiya meydana gəlir. Paralel olaraq yeni əməkdaşlıq sistemi yaranır. Qara dənizlə Xəzər dənizini birbaşa əlaqələndirəcək kommunikasiyalar meydana gəlir. Bu da bütövlükdə dünyaya aid olacaq. Cənubi Qafqazla məhdudlaşmayacaq. Bu töhvəni də Azərbaycan Prezidenti verdi. Bu, onun məntiqli siyasi iradəsi ilə mümkün oldu”.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Ali baş Komandan Ordumuzun gücünü artırmaqla qələbəmizin əsas elementlərini yaratdı:
“Qələbəmizin ardınca proseslər siyasi müstəvidə Azərbaycanın maraqlarına tam cavab verir. Cənubi Qafqazın inkişafının lokomotivinə çevrilən Azərbaycan bundan sonra da maraqlarını inamla müdafiə edəcək”.