21 Yanvar 2021 21:27
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər sülh, dostluq, mehriban qonşuluq, əməkdaşlıq dənizidir. Xəzərin Azərbaycan-Türkmənistanla dəniz dibinin ortaq hissəsində neftçilərimiz tərəfindən kəşf edilmiş zəngin karbohidrogen ehtiyatı mövcuddur: “Kəpəz, Türkmənistan tərəfinin isə Sərdar adlandırdığı yataq istismar olunmurdu. Həmin yataq artıq "Dostluq" yatağı adlanır. Bu yatağın birgə işlənməsi ilə əlaqədar Azərbaycanla Türkmənistan hökuməti arasında imzalanmış Anlaşma Memorandumu ölkələrimiz üçün böyük tarixi əhəmiyyət daşıyır. Azərbaycanla Türkmənistan eyni soy kökə malik, hətta öz dilində danışanda bir-birini başa düşən dost ölkələrdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, birgə memorandum ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinin simvoludur.

Azər Badamov vurğulayıb ki, Türkmənistan və Azərbaycan beynəlxalq platformalarda da bir-birini dəstəkləyən dövlətdir: “Eyni zamanda bu iki ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqedən çıxış edir. Xəzərdə birgə fəaliyyət formatı ölkələrin gələcək perspektivdə yaxınlaşmasına töhfə verəcək”.

Millət vəkilinin fikrincə, "Dostluq" layihəsi böyük neft-qaz resursuna malikdir: “Azərbaycan Avropaya karbohidrogen resurslarını ixrac edən xətlərə malikdir. Bu xətlər "Dostluq" yatağında istehsal olunacaq neft-qazın daşınmasında əsas rol oynayacaq. Bu yatağın birgə işlənməsi gələcəkdə Xəzər dənizinin Türkmənistan sektorunda istehsal olunan neft-qazın Azərbaycanın üzərindən tranzit daşınmasının əhəmiyyətini artıracaq. Təbii ki, tranzit daşınmalar ölkəmizin iqtisadiyyatı üçün əlavə gəlir deməkdir. Dostluq yatağından istifadə hər iki ölkənin eyni mənbədən mənfəət qazanması deməkdir”.

Deputat Azərbaycan neftçilərinin Xəzər dənizdə neft-qaz istehsal etmək təcrübəsinə toxunub: “Neftçilərimiz Xəzərin dərin qatlarındakı karbohidrogeni istismar etməyə imkan verən texnologiyalara malikdir. "Dostluq" yatağı Xəzərdə Türkmənistanla yeni yataqların birgə istismar edilməsi üçün başlanğıc olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər