4 Mart 2021 19:59
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə müsahibəni təqdim edir:

- Araz bəy, Ermənistanda hərbi-siyasi vəziyyət öz dövrünün ən gərgin mərhələsini yaşayır. Bütövlükdə hərbi müxalifətlə siyasi müxalifət bir arada olsa da, Paşinyan hökumətini yıxa bilmirlər. Siz oradakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Ermənistanda faktiki olaraq hərc-mərclik müşahidə olunur, heç kim heç kimin kitabını oxumaq belə istəmir. Kənar qüvvələr Nikol Paşinyanı gətirib hakimiyyət başında oturdublar. Ermənistanda uzun illər hakimiyyəti qəsb edən “Qarabağ” mafiyası da insanları o qədər boğaza yığıblar ki, indi əhali həmin mafiyanın yenidən hakimiyyətə qayıtmasını arzu etmir. Bu səbəbdən də Paşinyanı devirmək üçün bir araya gələn 17 müxalifət partiyasına erməni xalqı tərəfindən ciddi dəstək verilmir. Yəni bu partiyalar gücsüzdür. Xalq da bilir ki, bu qüvvələr əslində “Qarabağ” mafiyasının törəmələridir. Bu səbəbdən də Nikol Paşinyanı devirmək mümkün olmur. Açığını desək Paşinyan dövlət idarəçiliyində naşı adamdır. Küçədən gələn siyasətçi olduğundan idarəçilik təfəkkürü və təcrübəsi yoxdur. O da ölkəni idarə edə bilmir. Bu səbəblərdən Ermənistan həm də əldən gedir və geriləyir. Problemlərini də həll edə bilmir.

- Bundan sonra hansı ssenarilər ortaya çıxa bilər?

- Mənim qənaətimcə, hərc-mərclik bundan sonrakı mərhələ üçün də davam edəcək. Rusiya yumruğunu masanın üzərinə vurmayana qədər qədər hərc-mərclik davam edəcək. Rusiya isə o iqtidarda deyil ki, bunu etsin.

- “Qarabağ” mafiyası adlandırdığınız müxalifətin, eləcə də Baş Qərargahın Nikol Paşinyana qarşı çıxması Rusiyanın yumruğunu masaya vurması mənasına gəlmirmi?

- Mən belə düşünmürəm. Nəzərə almaq lazımdır ki, Onik Qasparyanı təyin edən Nikol Paşinyan olub. Ancaq özü naşı olduğu üçün savadsız adamları da təyin edib. Biz Paşinyan dövrünü Xalq Cəbhəsinin hakimiyyəti zamanı keçmişik. Küçə yolu ilə hakimiyyətə gələn insanlar dövləti idarə edə bilmir.

- Ermənistanda ordunun Paşinyanı devirmək imkanı varmı?

- Ortaya çıxan Baş Qərargahdır. Amma mənim müşahidələrimə əsasən deyə bilərəm ki, ordu Baş Qərargah tərəfindən idarə olunmur. Əgər ordunu Baş Qərargah idarə etsəydi, heç Qarabağ müharibəsinə girişməzdilər. Onların ağlı 1990-cı illərin əvvəllərinə getmişdi. Həm də unutmuşdular ki, o dövrdə Rusiya bunların tərəfində idi. Amma Rusiya bu dəfə bitərəf mövqe tutdu.

- Əgər erməni ordusu Baş Qərargahın nəzarətində deyilsə, o zaman kimin nəzarətindədir?

- Heç kəsin. Bizim müharibə dövründə gördüyümüz ordu heç kəsin nəzarətində deyildi.

- Demək istəyirsiniz ki, orduda kortəbii idarəçilik mövcuddur?

- Söhbət qeyri-peşəkar idarəçilikdən gedir. Normal vəziyyətdə çörəyi onu bişirməyi bacarana həvalə etmək lazımdır. Amma onların arasında peşəkar olmadığından çörəyin necə bişiriləcəyindən də xəbərləri yoxdur.

- Ermənistan parlamenti, hökumət binasının qarşısındakı meydanlar faktiki müxalifətin nəzarəti altındadır. Nikol Paşinyanı devirmək niyə bu qədər çətindir?

- Paşinyanın yerinə qurulacaq müvəqqəti hökumətə kimin namizədliyini irəli sürürlər? Vazgen Manukyanın. Həmin Manukyan vaxtı ilə baş nazir olub və sonra da hakimiyyətdən kənarlaşdırılıb. Ermənistanda elə bir lider yoxdur ki, xalq onun ardınca getsin. Məncə, erməni xalqı üçün Paşinyanı devirdikdən sonra onun yerinə kimin gələcəyi məsələsi olduqca vacibdir. Əvəzinə gələcək insan da yoxdur.

- Deməli, Nikol Paşinyan hələ bir müddət hakimiyyətdə qalmaqda davam edəcək...

- Hələ ki Nikol Paşinyan hakimiyyətdə qalacaq.

- Paşinyandan sonrakı dövr Ermənistanda nələrin baş verəcəyini proqnoz edirsiniz?

- Baxır hakimiyyətə hansı qüvvələr gələcək. Məncə, ya millətçilər, ya da vətənpərvərlər gələ bilər. Vətənpərvər qüvvələr gəlsələr, onlar anlayacaqlar ki, məğlubiyyətlə barışmalıdırlar və Rusiyaya çox sağ ol deməlidirlər ki, qanlarının arasına girərək sülhməramlı qüvvələri əraziyə yeritdi. Yox, əgər millətçilər hakimiyyətə gələcəksə, ehtimal edirəm ki, onlar müharibəyə can atacaq və bu dəfə tam məğlub olacaqlar. Nəzərə almaq lazımdır ki, artıq Ermənistanın müharibə aparmaq üçün resursları yoxdur.

- Ciddi analitiklər deyirlər ki, Ermənistanda “dəmir əl” ortaya çıxana, diktatura qurulana qədər hərc-mərclik davam edəcək. Bu, nə dərəcədə realdır?

- Hər halda onlarda da elə adam hakimiyyətə gəlməlidir ki, xalq ona inansın. Xalq ona inansa, həmin şəxs hərc-mərcliyə son qoya biləcək. Yox, əgər xalqın inamı olmasa “dəmir əl” də gəlməyəcək.

Digər tərəfdən, Ermənistanda diktatura qurulsa bu Rusiyapərəst olmalıdır. Düzdür, ruspərəst qüvvələr zəifdir, amma onlar var.

- Sizcə niyə Ermənistanda son altı ayda ortaya ciddi fiqur çıxa bilmir?

- Çünki xalq xəstədir. Millətçilik ideyaları bu millətin gerçək xəstəliyə tutulmasına səbəb olub. Şovinizm, Azərbaycana düşmənçilik mövqeyində olmaq xəstəliyin bir hissəsidir. Məhz bu xəstəliklər imkan vermir ki, normal adamlar hakimiyyətə gəlsin. Kim gəlsə də bu şovinist şüarlar altında gələcək.

- Azərbaycana Nikol Paşinyanın hakimiyyətdə qalması məqbuldur, yoxsa yerinə başqasının gəlməsi?

- Bizə indi Ermənistanda müşahidə olunan hərc-mərcliyin davam etməsi lazım və sərfəlidir. Buyurub bir-birini didsinlər. Sonra da biri gəlsin.

- Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, 10 noyabrda imzalanan saziş şübhə altına salına bilərmi?

- Onlar imzalanan sənədləri şübhə altına alsalar bu, bizə xeyirdir. Bu halda rus ordusu oradan çıxmalıdır və biz də erməni problemini tamamilə həll edə biləcəyik.

- Ermənistanda müşahidə olunan qeyri-stabil ictimai-siyasi atmosfer və zəif hökumət konteksində imzalanan sazişlərin həyata keçirilməməsi ehtimalı varmı?

- Hələlik bu, kağız üzərində olan layihədir. Ermənistanın sahibi olan qüvvələr hakimiyyətə gəlməsələr bunların həyata keçməsində problem yaranacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər