23 Mart 2021 14:14
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Human Rights Watch” təşkilatının məruzəsində erməni əsirləri ilə pis rəftar halları barədə iddialara cavab olaraq bildiriblər.

“Təəssüf edirik ki, HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Əsassız dəlillərə və yoxlanılmayan faktlara əsaslanan bu cür hesabatların sistematik olması onların etibarlılığını şübhə altına alır.

Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib. Müayinə zamanı xəsarət izləri aşkar olunmayıb (döyüş əməliyyatlarında alınan zədələr istisna olmaqla).

Azərbaycanda hərbi əsirlərin olması iddialarına gəldikdə isə vurğulamaq istərdik ki, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb. Bu, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə razılaşdırılıb.

2020-ci ilin oktyabr ayından etibarən erməni hərbi əsir və mülki şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən müntəzəm baş çəkilib və ailə üzvləri ilə telefon və video danışıqlarına icazə verilib.

Əlavə olaraq, Azərbaycan Respublikası Ombudsman Aparatının nümayəndələri

hərbi əsirlərin və mülki şəxslərin saxlandıqları yerləri ziyarət edərək onların şəraiti ilə tanış olublar.

Azərbaycanda sui-istifadə halları ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı cinayət işləri açılıb. Xatırladaq ki, dəfələrlə edilən müraciətlərə və çoxsaylı iddialara baxmayaraq, Ermənistan azərbaycanlı əsirlərə və həbsdə saxlanılan mülki şəxslərə qarşı alçaldıcı rəftar halları ilə bağlı hər hansı bir araşdırmaya başlamayıb.

Ermənistan hökuməti, həbslərin edildiyi konteksti qarışdırmağa çalışır. Qarşıdurmanın bitməsini ehtiva edən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Sözügedən üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir deyillər və hesab edilə bilməzlər. Saxlanılanlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılanlarla beynəlxalq insan hüquqları hüququ və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır.

Bir daha vurğulayırıq ki, Azərbaycan hərbi əsir kimi təsnif edilən bütün məhbusları geri qaytarıb.

Azərbaycan hökuməti, HRW təşkilatını diqqətini Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlına qarşı pis rəftar faktlarına yönəltməyə çağırır.

Birinci Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719 mülki şəxsdir (o cümlədən 71 uşaq, 267 qadın, 326 yaşlı).1480 keçmiş Azərbaycan əsirinin şahid ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb. Azərbaycan əsirləri və saxlanılan şəxslərə qarşı alçaldıcı rəftar və işgəncə etdiyi sübuta yetirilən 35 nəfər barəsində cinayət işi açılıb. Məsuliyyət daşıyan şəxslərin adları İnterpola təqdim edilib.

Son hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı pis rəftarı göstərən və sosial mediada geniş yayılmış video materiallar da daxil olmaqla çoxsaylı dəlillər var.

Əvvəllər Ermənistanda saxlanılan və daha sonra Azərbaycana qaytarılan bütün əsir və mülki şəxslər məhkəmə tibbi ekspertizasından keçirilib və saxlanma şəraitləri barədə sorğu ediliblər. Mütəxəssis rəyləri, şəxsi ifadələr və digər materiallar məhbusların böyük əksəriyyətinin fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldıqlarını təsdiqləyib.

Qeyd etmək istərdik ki, Azərbaycandan fərqli olaraq, Ermənistan hökuməti bu iddiaları araşdırmaqdan imtina edib.

Biz müvafiq beynəlxalq institutları qərəzli mövqedən çəkinməyə və bölgədəki münaqişədən sonrakı vəziyyətlə bağlı hesabatlar tərtib edərkən tam qərəzsizliyi və peşəkar münasibəti təmin etməyə çağırırıq", - XİN-dən bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər