5 Aprel 2021 18:00
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Avropa Birliyinin aparıcı dövlətlərindən biridir. Azərbaycanla bu ölkə arasında münasibətlər də hər zaman normal istiqamətdə olub. Cənubi Qafqazda ölkəmizin liderliyi və Avropanın enerji təhlükəsizliyində rolu Almaniya tərəfindən dərk olunur. Beynəlxaq birliyə, Avroatlantik məkana Azərbaycanın verdiyi töhfələr də göz önündədir. Ona görə də Almaniya kimi dövlətin Azərbaycana qarşı hər hansı bir mənfi münasibətinin formalaşması arzuolunmazdır. Çünki bu ölkələrin özləri də yaxşı dərk edirlər ki, Azərbaycanın mövqeyi və ortaya qoyduğu beynəlxalq həcmli layihələr tək bir xalqın müqəddəratına xidmət etmir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun fikrincə, Almaniya, Avropa Birliyi və Avropa İttifaqı Azərbaycanın əhəmiyyətli bir ölkə olduğunu anlayırlar: “Bunu dilə gətirmək bəziləri üçün çətin olsa da bu, reallıqdır. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu danılmazdır. NATO ilə əməkdaşlıq da ölkəmiz üçün maraqlıdır”.

Deputat deyib ki, Almaniyanın İctimai Televiziyasında Azərbaycan əleyhinə proqramın yer alması və orada səslənən fikirlər heç bir məntiqə və reallığa sığmır: “Bu, çox acı təəsüf doğuran bir haldır. Əksinə alman cəmiyyətinə Azərbaycanın Cənubi Qafqazda və Avropanın enerji təhlükəsizliyində rolu haqqında geniş məlumatlar verilməlidir. Alman ictimayyəti Azərbaycanla bağlı daha geniş informasiyalara malik olsa bu cür qeyri-ciddi yanaşmalara da ehtiyac qalmaz. Enerji, nəqliyyat, logistika sahəsində Azərbaycanın region və bütün dünya üçün oynadığı rolu aparıcı dövlətlər, şirkətlər etiraf edir”.

Məlahət İbrahimqızına görə, Almaniyanın Azərbaycandakı səfiri də bununla bağlı açıqlama verməlidir: “Çünki Azərbaycanı birtərəfli şəkildə ittiham etmək yolverilməzdir. Ölkəmizin hər şeydən sonra qadın hüquqları ilə bağlı məsələlərdə ittiham etmək isə heç bir məntiqə sığmır. Azərbaycanda qadına hər zaman yüksək münasibət olub. Dastanlarımızda, əsatirlərimizdə Azərbaycan qadınının məğrur siması hər zaman göz önündə canlanır. Avropada qadınlar inkvizisiya məhkəməsində yandırılanda, qadınlara ikinci dərəcəli şəxs kimi yanaşıldığı zamanlarda belə Azərbaycanda qadınların seçib-seçilmək hüquqları və digər haqları tanınıb. Bu fərqi yəqin ki, indi çoxları unudub. Çar Rusiyası dövründə müsəlman fraksiyasında 1907-1908-ci illərdə Azərbaycan qadınlarına təmsilçilik hüququ verilib. 1918-ci Xalq Cumhuriyyəti dövründən sonra da qadınlarımıza böyük diqqət və qayğı olub”.

Millət vəkili İstanbul Konvensiyasına Azərbaycanın qoşulmamasına da aydınlıq gətirib: “Azərbaycan xalqının özünün min illiklər davam edən milli xüsussiyyətləri mövcuddur. Tarixi dəyərlərimiz və fundamental ənənələrimiz üzərində cəmiyyətimiz bu günə qədər özünün monolitliyini qoruyub. Bu gün isə hansısa bir müasir çağırış adı altında bu dəyərləri zərbə altında qoyacaq məsələlərə göz yummaq mümkün deyil. Xalqımızın yaratdığı milli bayramlar, ənənələr var. Bu gün YUNESKO kimi aparıcı dünya təşkilatı Azərbaycan xalqının yaratdığı bu ənənəni qeyri-maddi irsi kimi qəbul edib. Almaniyada isə “pivə bayramı” qeyd olunur. Bunlar fərqli-fərqli anlayışlar və dəyərlər sistemidir. Haqlı olaraq Avropaya Kopernik, Qalilley kimi daha alimləri, qadınları inkivizisiya məhkəmlərində niyə məhv etmələri ilə bağlı suallar ünvanlanmır? İstanbul Konvensiyasında Azərbaycanın tarixi dəyərləri ilə zidd prinsiplər var. Amma bu, o demək deyil ki, Azərbaycanda bu sahədə problemlər mövcuddur. Bunun əksini bu gün cəmiyyətimizdə olan balanslı inkişaf və yanaşmalarda da görmək mümkündür. Cənubi Qafqazda ilk dəfə Azərbaycanda qadınlar seçkili orqanlarda təmsil olunmağa başlayanda Avropada qadınları tonqallarda yandırır, inkivizisiya məhkəmələrində ən ağır cəzalar verirdilər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər