ABŞ atdığı addımlarla özünü çox çətin duruma salıb. Bu regionda söz və təsir sahibi məhz Azərbaycanla Türkiyədir. Bu iki dövlət hər zaman birlikdə siyasət formalaşdırıb. Bu amil nəzərdən qaçırılmamalıdır. Azərbaycan-Türkiyə birliyi regionda böyük işlərin görülməsinə əsas yaradır. Eyni zamanda ölkəmiz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə tamamilə başqa bir reallıq yaranıb. Bu da mövcud yanaşmalara konkret bir cavabdır.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun fikrincə, ABŞ bu gün çalışır ki, maraqlarına zidd olan addımları hansısa formada yumşaltmağa nail olsun:
“Cəhdlər odur ki, bunun mənfi təsiri bir qədər aradan qaldırılsın. Təbii ki, ABŞ Dövlət katibinin cənab Prezidentə zəngi bir neçə səbəbə görə də ciddi təhlil olunmalıdır. İlk növbədə bu, Azərbaycanın və Türkiyənin nüfuzu, gücü regionda təsir imkanı ilə bağlıdır. Bu, danılmaz bir faktordur. Digər tərəfdən, Azərbaycanın bu gün artıq dünya siyasətinin formalaşmasında güclənən mövqeyi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Azərbaycan artıq elə bir siyasi aktordur ki, onun mövqeyindən, fikrindən çox şey asılıdır. Eyni zamanda ABŞ anlayır ki, özünü regiondan təcrid edən bir addım atıb atıb. Bunun qarşısını almaq üçün əlaqələrin qurulması vacibdir. Ona görə də zaman keçdikcə ABŞ bu münasibətlərin bərpasında maraqlı olacaq. Bu maraq isə Azərbaycanın strategiyasına uyğun istiqamətdə davam etməlidir. Bunlar olmasa, ABŞ üçün problemlər səhifəsi açılacaq. Çünki erməni lobissi ABŞ-da güclü olsa da, bu ölkənin maraqlarına zidd fəaliyyət göstərir”.
Səməd Seyidov xatırladıb ki, vaxtilə sovet ittifaqı erməni lobissinin idarəetmə sisteminə müdaxilə ilə ciddi problemlərlə üzləşmişdi:
“Ermənilər faktiki olaraq sovet hökumətinin birinci şəxslərinə təsir göstərmək imkanı əldə etmişdi. Bundan sonra Qarabağ və digər milli zəmində olan problemlər sovet ittifaqının gündəmində yer aldı. Nəticədə sovet ittifaqı dağıldı. Nə dərəcədə qəribə səslənsə də, biz, sanki ABŞ-da vaxtilə sovet ittifaqında baş vermiş prosesləri görürük. Erməni diasporu öz əlaqələri ilə elə bir mərhələyə çatıb ki, ABŞ rəsmiləri onların diktəsi ilə öz maraqlarını qorumaq siyasətini seçiblər. Bu isə təbii ki, ziddiyyətlər yaradır. Hökumətdə əks qüvvəllərin formalaşmasına səbəb olur. Nəticədə dövlət zəifləyir. ABŞ kimi bir dövləti zəiflətmək isə onun nufuzunun aşağı salınması deməkdir. Faktiki olaraq hazırda Cənubi Qafqazda bu hal müşahidə olunur”.
Millət vəkiil hesab edir ki, ABŞ dövlət katibinin cənab Prezidentə telefon zəngi Azərbaycanın gücünü, imkanını, rolunu, əhəmiyyətini gösətirir:
“O cümlədən ABŞ-da həddindən artıq daxili siyasi böhranın əlamətləri yaşanır. Bu məsələni həll edə bilməsələr, böhran daha da dərinləşəcək. Və daha çox problemlər yaradacaq. Təəsüflər olsun böyük bir dövlətin bu vəziyyətə düşməsi dünyada təhlüksizliyə, sabitliyə təhdid kimi qiymətləndirilir”.