6 May 2021 12:58
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatını beynəlxalq təşkilatlara göndərməsi yüksək dəyərləndirilir. Müharibə dövründə də Ombudsman tərəfindən Ermənistanın hərbi cinayətlərinin ifşası ilə bağlı mühüm addımlar atılıb. Təcavüzkar dövlətin mülki insanların sıx yaşadıqları yaşayış məntəqələrini qadağan olunmuş bombalarla hədəf alması beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Eyni zamanda erməni özbaşınalıqlarının qarşısının alınmasına tədbir görülməsi üçün Ombudsman mühüm çağırışlar edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Ombudsman erməni cinayətləri ilə bağlı faktların beynəlxalq təşkilatlara çatdırılması və məlumatlandırılmasında təxirəsalınmaz addımlar atıb: “Ombudsmanın hesabatlarında Ermənistanın azərbaycanlılara qarşı etnik zəmində nifrəti təbliğ edən siyasətindən bəhs olunur. Bununla bağlı dünya ictimaiyyətinə mühüm informasiyalar təqdim edilib. Sözsüz ki, nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırışların edilməsi vacibdir”.

Azər Badamova görə, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 30 ilə yaxın işğalda qalan ərazilərinin azadlığına nail olmaqla, separatizmə də böyük zərbə vurub: “Müharibə bitsə də siyasi və informasiya məkanında mübarizə, təbliğat prosesi davam edir. Hər zaman dünya ictimaiyyətini yalan informasiyalarla öz oyunlarına alət etməyə çalışan bədnam erməni lobbisi yenə də öz çirkin fəaliyətini davam etdirir. Ona görə də istər beynəlxalq hüquq istərsə də regional müstəvidə əsl həqiqətlərin dünyaya çatdırılması üçün ardıcıl işlər aparılır. Məhz Ombudsman tərəfindən beynəlxalq təşkilatlara Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki əsl reallıqlarla bağlı faktlar təqdim olunur. Bu addımlar hərbi müstəvidə qazanılan qələbənin siyasi və informasiya məkanında daha da möhkəmləndirilməsinə xidmət edir”.


Müəllif: Tapdıq Qurbanlı