Hazırda Ermənistanda hakimiyyətini itirmək təhlükəsi ilə üzləşən iqtidar mövcuddur. Eyni zamanda müxalifətin və revanşist qüvvələrin hakimiyyətə can atması müqabilində qarşılıqlı ittihamlar, sərt ritorikaya keçib. Paşinyanın Qərbin adamı kimi vəd verdiyi məsələlərə cavab axtarır. Ermənistanda bu gün Rusiya və qonşu ölkələrlə münasibətlərin olmamasına da müxtəlif bəhanələr uydurulur.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Onun fikrincə, Ermənistanda bu gün elə bir vəziyyət yaranıb ki, onu bir neçə konkret faktlarla qeyd etmək olar: “Hazırda Ermənistanda dövlətçiliyin dağılması istiqamətində ardıcıl proseslər cərəyan edir. Bunu son proseslərdə də əyani şəkildə görmək mümkündür. Ermənistanda dövlət strukturları arasında tam pərakəndəlik hökm sürür. Bu ölkədə heç kim bilmir ki, kim nə işlə məşğuldur. Real iqtidarın dediyi söz, sabah inkar edilir. Ağılasığmayan ve regionda real vəziyyəti nəzərə almadan təkliflər eşidilir. Getdikcə müxalifətlə iqtidar arasında qızışan proseslərdə xalq tamamilə uzaqda qalıb. Çünki hazırda hakimiyyət uğrunda mübarizə aparan qüvvələri xalqın içərisində gedən proseslər maraqlandırmır. Onların yeganə məqsədi hakimiyyəti saxlamaq və hakimiyyətə gəlməkdir”.
Millət vəkili hesab edir ki, Azərbaycanla bağlı normal, adekvat bir siyasətin aparılmaması da Ermənistandakı real vəziyyətin əsl təzahürüdür: “Bu əlamətlər isə hazırda Ermənistanın bir dövlət mövcudluğuna suallar yaradır. Dövlət olmadığı halda isə hansısa bir seçki ilə nəsə etmək mümkün olmayacaq. Yeni bir dövlətçilik qurmağa isə Ermənistandakı qüvvələrin heç biri hazır deyil. Çünki Ermənistandakı parlament hakimiyyəti həqiqətən də qeyri-sabitliyi daha çox dərinləşdirir”.
Səməd Seyidova görə, Paşinyan tərəfindən verilən hansısa bir bəyanatın səhəri gün inkar olunması da gözləniləndir: “Bu, anlaqsız və nevroz vəziyyətinə düşmüş bir xüsusiyyətlərin göstəricisidir. Pərakəndəlik, dağınıq fikirlər, hərəkətlərin uzlaşmaması, isterik vəziyyət, məntiqsizsilik bu gün erməni cəmiyyətinə xas olan əlamətlərdir. Bu bəladan erməni cəmiyyətinin xilasını isə Azərbaycan dəfələrlə təklif edib. Əgər Ermənistanda ağıllı şəxslər olsa, Azərbaycanın təklif etdiyi şərtlərlə normal dövlət quruculuğu və cəmiyyət halında yaşamaq imkanı qazanacaqlar”.