Parlament seçkilərində Paşinyanın 53,92% səs qazanaraq qalib gəlməsi sadə ermənilərin müharibə istəmədiyinin və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istədiklərinin göstəricisi hesab olunur.
Bunu Teleqraf.coma-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, Köçəryan və Sərkisyan revanşist bəyanatlarla nə qədər çıxış etsə də, onları xalq dəstəkləmədi:
“Ermənilər uzun illər blokada şəraitində yaşamaqdan, iqtisadi böhranlarla ömür sürməkdən yorulub. Qalib gələn Paşinyan isə imza atdığı üçtərəfli bəyanatın icrasına və dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına tələsməlidir. Çünki, bu məsələlər həll olunmamış Ermənistanın gələcəyi yoxdur”.
Deputat hesab edir ki, seçkidə ermənilərin Paşinyanı dəstəkləməsi onun üçün yeni bir şansdır:
“Əgər Paşinyan bu şansı düzgün dəyərləndirərək, öhdəsinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirsə, hakimiyyətini uzun müddətli qoruyaraq ermənilərin liderinə çevrilə bilər. Çünki, 90-cı illərdən bəri ermənilərin lideri olmayıb. Hakimiyyətdə olan dövlət başçıları quldurluq, talançılıq və düşmənçiliklə Ermənistanın müstəqilliyini əldən veriblər. Paşinyan isə tarixin ona verdiyi şansdan düzgün istifadə edərək, sülh yolu ilə məsələlərin həllinə tələsərsə, ölkəsini düşdüyü ağır iqtisadi durumdan çıxara bilər”.