22 İyun 2021 14:03
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda parlament seçkilərinin ardınca bir çox məsələlərə aydınlıq gətirmək mümkün olacaq. Çünki 44 günlük müharibədən sonra Ermənistanın düşdüyü mənzərə, bu ölkədə bir sıra şəxslərin yeni iddialarla çıxış etməsi üçün şərait formalaşdırmışdı. Amma seçkidən sonra erməni cəmiyyətinin ortaya qoymuş olduğu nəticə səslənən iddiaların heç bir əsasa malik olmadığını üzə çıxardı.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Ermənistanda küçələrdə səslənən “Şuşanı, Hadrutu geri qaytaracayıq” kimi çağırışlara erməni cəmiyyəti birmənalı dəstək vermədi:

“Bununla da revanşistlərin ümidləri puç oldu. Çünki yalan vədlərə artıq erməni cəmiyyəti qulaq asmır. Bu klanlar Ermənistanda hakimiyyətdə olduqları müddətdə o qədər cinayətlərə əl atıblar ki, təmsil olunduqları cəmiyyətin yenidən onlara etimad göstərməsi mümkün deyil. Nikol Paşinyan da artıq keçmiş prezidentlərə çağırış edib ki, dövlətdən oğurladıqlarını təhvil versinlər. Bu yanaşma sabiq prezidentlər üçün təhlükə hesab olunur. Artıq seçkidə də uduzduqlarını qəbul edirlər. Seçki ilə bağlı onların hər hansı bir şübhəsi olsaydı, mövqelərini ortaya qoyardılar. Fakt odur ki, erməni cəmiyyəti artıq "Qarabağ klanı"ndan bezib və ondan imtina etdi”.

Eldar Quliyev hesab edir ki, bu gün azad torpaqlarda aparılan quruculuq-abadlıq işləri bölgədə yeni bir inkişaf meyillərinə yol açacaq:

“Artıq bütün dünya dövlətləri Azərbaycanın haqq işinə böyük dəstək verir. Ermənistandakı seçkilərdən sonra da dünya dövlətlərinin regiona münasibətində fərqlilikər olacaq. Sözsüz ki, bundan sonra əldə olunmuş 10 noyabr bəyanatında əksini tapmış bütün məsələlər ardıcıllıqla icra olunmalıdır. Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası üçün zəruri işlər görülür. Bundan sonra regionda sülhə və təhlükəsizliyə heç bir maneə yoxdur. Çünki yeni bir reallıq var. Bu reallığı isə regionun güclü dövləti olan Azərbaycan və onun Prezidenti cənab İlham Əliyev yaradıb”.

Millət vəkili Şuşa Bəyannaməsi və burada nəzərdə tutulan müddəaların da region dövlətlərinin inkişafına, bölgə xalqlarının rifahına xidmət etdiyini əlavə edib:

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın vurğuladığı 6 dövlət formulu, regional və ümumi inkişafla bağlı səsləndirdiyi fikirlər artıq yeni dövrün yanaşması kimi qəbul olunmalıdır. Çünki bundan sonra Cənubi Qafqazda həyata keçirilən siyasət bölgə xalqlarının rifahına xidmət etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər