27 İyul 2021 09:41
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlər Mərkəzinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirk:

- Elşad müəllim, Prezidentin Dövlət Televiziyasına müsahibəsində post-müharibə dövrü ilə bağlı verdiyi mesajların əhəmiyyətini necə şərh etmək olar?

- Cənab Prezidentin Dövlət Televiziyasına müsahibəsi iki məqamı özündə ehtiva edirdi. İlk növbədə bu müsahibə geniş informasiya xarakterli idi. Digər tərəfdən isə bu müsahibədə dəqiq bir proqram xarakterizə olunurdu. Prezident ilk növbədə keçdiyimiz yola bir nəzər saldı. Yəni əldə etdiyimiz uğurlar haqqında geniş informasiya verdi. Belə ki Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, möhtəşəm qələbə qazandı.

Buna aparan yol necə oldu? Ölkə başçısının toxunduğu məqamlardan çıxış edərək bu istiqamətdə aydın təsəvvürlərə malik olmaq mümkündür. Təbii ki, Azərbaycanın indiki şəraitdə, yəni post-münaqişə mərhələsində həyata keçirdiyi işin dinamikliyini də cənab Prezident göz önündə dəqiqliklə canlandırdı.

- Müharibədən 8 ay geridə qoyduğumuz dönəmi necə dəyərləndirirsiniz?

- Qısa zaman kəsiyində, 8 aya yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər həyata keçirilib. Geniş şaxəli yol infrastrukturunun yaradılması prosesi uğurla irəliləməkdədir. 12 su elektrik stansiyası yenidən bərpa olunub. Bu stansiyaları ermənilər dağıtmışdılar. Onların bərpası haqqında da geniş məlumat verildi. Regionun gələcəyi, Azərbaycanın prioritetləri haqqında Prezident aydın təsəvvürlər yaratdı. Bütün bunlar Azərbaycanın gücünün göstəricisi hesab olunur. Çox çətin, düşmənin 30 ilə qurduğu bir neçə qatdan ibarət olan mühafizə istehkamını Azərbaycan 44 gün ərzində darmadağın edərək, torpaqlarını işğaldan azad etdi. Bu, eyni zamanda iqtisadi bir gücü özündə ehtiva edirdi. Azərbaycan bunların öhəsindən çox böyük uğurla gəldi. Bunun ardınca zaman itirilmədən ərazilərin bərpa-quruculuq işlərinə başlanıldı. Qısa zaman ərzində cənab Prezidentin də vurğuladığı kimi işğal altında olmuş rayonların baş planının hazırlanılmasına başlanıldı. Ağdamın baş planı artıq artıq hazırdır. Şuşada ciddi bərpa quruculuq işləri aparılır. Azad olunmuş ərazilərdə 3 beynəlxalq səviyyəli aeroportun tikintisi davam edir. Bütün bunlar Azərbaycanın iqtisadi gücünün göstəricisidir. İqtisadi gücü təmin etmək üçün isə düşünülmüş siyasət yürütmək lazımdır.

Cənab Prezident bütün sahələrdə uğura aparan siyasət həyata keçirir. Prezidentin həyata keçirdiyi siyasət hər zaman konseptual əsaslara söykənir. Bunun nəticəsidir ki, bütün istiqamətlərdə atdığımız addımlar mütləq şəkildə böyük uğurlara aparıb çıxarır.

- Prezidentin mesajının regional və beynəlxalq münasibətlər sistemində yarana biləcək yanaşmaların mahiyyətinə təsiri necə olacaq?

- Cənab Prezident müsahibəsində verdiyi mesajlarda beynəlxalq münasibətlər sistemində Azərbaycanın roluna və yerinə toxundu. Ayrıca olaraq Azərbaycanın ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyəti, ölkəmizin region və digər dövlətlərlə münasibətlərə toxundu. Azərbaycan-Rusiya prezidentləri arasında şəxsi dostluq münasibətləri xüsusi olaraq vurğulandı. Bu da regionda ümumi vəziyyətə çox müsbət təsir göstərir. İndiki şəraitdə ən vacib məqamlardan biri sülh sazişinin imzalanmasıdır. Ermənistan istənilən vasitələrlə sülh sazişinin imzalanmasından yayınmağa çalışır. Bunun səbəbləri də bəllidir. Amma bütövlükdə bir çox kənar dairələrdə də Ermənistandan yenə də alət kimi istifadə edib onu təxribatlara sövq edir. Çalışılır ki, münaqişənin hələ də davam etdiyi təəssüratı formalaşdırılsın. Amma buna baxmayaraq Prezident Azərbaycanın mövqelərinin güclü olduğu və bununla beynəlxalq ictimaiyyətin hesablaşdığı vurğuladı.

- Bu yaxınlarda təmaslar zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Rusiya prezidenti Vladimir Putin “Qarabağ münaqişəsi” ifadəsini işlətmədi. Bu yanaşmaları Azərbaycan olan mövqenin əyani təzühürü kimi dəyərləndirmək olarmı?

- Bəli, bu ifadələrin işlədilməməsi bir daha Azərbaycanın mövqeyinə açıq hörmət idi. Eyni zamanda bu, reallığa obyektiv yanaşmadır. Prezident də bununla bağlı öz fikirlərini bildirdi və bunu düzgün addım hesab etdi. Bu, bir daha post-münaqişə mərhələsində Azərbaycanın güc və haqlı mövqeyi kimi qəbul olunur. Vəziyyəti gərginləşdirəcək yanaşmalar nümayiş olunmur. Çünki vəziyyətin indiki hala gəlib çıxmasında Azərbaycanın çox böyük töhfəsi olub. Bu töhfə təkcə Cənubi Qafqazın təhlükəsizlik sisteminin yaradılmasına yönəlməyib. Eyni zamanda regionun gələcək əməkdaşlıq xəritəsini müəyyən edir. Bundan da Cənubi Qafqazda marağı olan bütün dövlətlər faydalanacaq.

- Münaqişənin birdəfəlik həlli, sülh müqaviləsinin imzalanmasının beynəlxalq təhlükəsizliyə təsiri nədən ibarətdir?

- Bu, beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm təsir elementi rolunda çıxış edəcək. Ölkə başçısı icmal olaraq bu məsələlərə toxundu. Həm də təbii ki, gələcəklə bağlı Azərbaycanın prioritetlərini səsləndirdi. Bu, bir daha əminlik yaradır ki, Azərbaycan öz inkişaf yolunda inamla irəliləməkdədir. Bütövlükdə bu region xalqlarının rifahı üçün çox vacib rola malikdir.


Müəllif: Tapdıq Qurbanlı