“İnşallah, Kabilin beynəlxalq hava limanına böyük təhlükə yoxdur. Biz hava limanının təhlükəsizliyini təmin edəndən, ABŞ-ın hərbi qüvvələri buranı tərk edəndən, aeroportda və onun ətrafında olan qarışıqlıq aradan qaldırılandan sonra rəsmilərimiz təhlükəsizliyi təmin edəcək, buna diqqət ayıracaq. Biz insanların Kabildə təhlükəsizliyi barədə məlumatlıyıq və hava limanının təhlükəsizliyi üçün heç bir problem olmayacaq”.
Teleqraf.com “Baku TV”yə istinadən xəbər verir ki, bu sözləri “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid deyib.
ABŞ canlı qüvvəsinə, nüfuzuna zərbə vuran 20 illik müharibəyə son qoyur
O, qeyd edib ki, ABŞ qoşunları avqustun 31-dək Əfqanıstanı tərk edəcəklər. “Bu, həm amerikalılar, həm də əfqanlar üçün yaxşı imkandır. Əfqanıstan və əfqan xalqı müstəqil olur. Xalqın özünü müstəqil hiss etmək hüququ var. Bu, bizim üçün böyük nailiyyətdir. Amerika isə canlı qüvvəsinə, iqtisadiyyatına, həmçinin nüfuzuna zərbə vuran 20 illik müharibəyə son qoyur. Müharibə sona çatmalı idi və ABŞ-ın avqustun 31-də Əfqanıstandan çıxmaq qərarı ağıllı qərar idi”.
“Taliban” rəsmisi hərəkat üzvlərinin Əfqanıstan sakinləri ilə sıx ünsiyyətdə olmaq istəyinə də eyham vurub: “İstəyirik ki, insanlarımız qorxmasınlar və bura onların bizdən qorxması, üz döndərməsi, evlərini tərk etməyə məcbur olmaları üçün gəlməmişik. Bizim ölkəmiz birdir. Bu insanlar öz ölkələrində yaşamaq hüququna malikdir.
“Bizim öhdəliyimiz var - heç kim təhlükəli şəraitdə olmayacaq”
Biz problemlərlə savaşmalıyıq. Hava limanında olanları öz evlərinə qayıtmağa və həyatlarına davam etməyə çağırırıq.
Bizim öhdəliyimiz var - heç kim təhlükəli şəraitdə olmayacaq. İnsanlara onu da demək istəyirik ki, müvafiq sənədi, pasportu olanlar xarici qoşunların çıxmasından sonra istədiyi ölkəyə gedə bilərlər. Hazırda isə qanunsuz üsullardan istifadə etdikləri üçün bəzi insanların həyatı təhlükədədir.
Onların başqa ölkədə yaxşı həyatı olmayacaq. Çünki təcrübə göstərir ki, bizim insanlar xaricdə sülh içində yaşamayıblar. Uşaqlar, qadınlar həlak olub. Bu isə bizim üçün qəbuledilən deyil. Ona görə də tələb edirik ki, evlərinə qayıtsınlar və qanuni imkanları gözləsinlər”.
“Siz və biz, hamımız birlikdə yaşayacağıq”
“Taliban” rəsmisi həmçinin Əfqanıstan bayrağı ilə bağlı mövqeyini açıqlayıb. “Bayraq başqa məsələdir və gələcək sistem onunla bağlı mövqeyi aydınlaşdıracaq. Sistem formalaşanda bayraqla bağlı qərar veriləcək. Əfqanıstan bizim ölkəmizdir. Onun adı həmişə Əfqanıstan olub və belə də qalacaq. Siz və biz, hamımız birlikdə yaşayacağıq”, - deyə o bildirib.
Zabihullah Mücahid vurğulayıb ki, Əfqanıstanın yeni hakimiyyəti bütün ölkələrlə siyasi münasibət qurmaq niyyətindədir: “Biz bütün dünya ölkələri ilə siyasi münasibətlərimizin olmasını istəyirik. Çünki əfqanlar və müharibənin dağıtdığı Əfqanıstanın normal, yaxşı münasibətlərə ehtiyacı var. Əlbəttə müəyyən şərtlər mövcuddur və beynəlxalq normalara, ölkələr arasında siyasi nailiyyətlərə uyğun olaraq, qarşılıqlı hörmət məqsədilə bütün dövlətlərlə, xüsusən İslam ölkələri və bizim münasibətlərimiz olan ölkələri ilə yaxşı münasibət istəyirik”.
O ki qaldı Əfqanıstanın paytaxtının Qəndahara köçürülməsi barədə xəbərlərə, hərəkat rəsmisi bunun yalan olduğunu qeyd edib. “Bu, doğru deyil. Bizim paytaxtımız Kabildir. Biz hökuməti burada formalaşdırırıq və bütün Əfqanıstanı buradan idarə edəcəyik”, - deyə Zabihullah Mücahid əlavə edib.