7 Sentyabr 2021 20:57
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hadisələr göstərir ki, Rusiyanın “Qərb-2021” hərbi təlimləri daha çox Ukraynaya qarşı yönəlib. Düzdür, Rusiya bu cür təlimləri müxtəlif dövrlərdə keçirib. Yəni bu ənənəvi hərbi təlimlərdir. Ancaq bu təlimlərin indiki ssenarisi göstərir ki, tədbir birbaşa Ukraynaya qarşı hesablanır. Yəni gərgin vəziyyətdə həm Rusiya, həm də Belarus istiqamətindən Ukrayna təhlükələr yaşaya bilər. Görüntü belədir”.

Bu sözləri hərbçi ekspert Azad İsazadə Teleqraf.com-a Rusiyanın liderliyində bir neçə dövlətin sentyabrın 10-16-da birgə keçirəcəyi“Qərb-2021” təlimləri haqqında danışarkən deyib.

Mütəxəssis əmindir ki, Rusiya bununla həm də güc nümayişi göstərir:

“Amma Ukrayna da müharibədən qorxmur, belə müharibəyə hazır olduğunu dəfələrlə bildirib. Yəni bu cür təlimlərlə Ukraynanı qorxutmaq, onun geri addım atmasına nail olmaq mümkün deyil. Həm də nəzərə almaq lazımdır ki, Kiyev ötən bu müddət ərzində ordusuna kifayət qədər zaman ayıra bilib və Qərb ölkələri də ordunun gücləndirilməsi üçün dəstək göstəriblər”.

Azad İsazadə eyni zamanda ehtimal edir ki, Rusiya bu addımı ilə keçmiş sovet respublikalarına mesaj verir:

“Mesaj verir ki, oturun yerinizdə və özünüzü fərqli aparmayın. Nəzərə alın ki, bu təlimlərdə iştirak edən Qazaxıstanın özünün Rusiya ilə problemləri var və qazaxlar son illər ordularına xüsusi diqqət yetirirlər. Eləcə də Rusiyanın Moldova və Gürcüstanla münasibətlərində problemlər mövcuddur. Mən ehtimal edirəm ki, bu tədbirlə Rusiya bütün MDB ölkələrinə mesaj verir”.

Ekspert xatırladıb ki, 2008-ci ildə də Rusiya ordusu əslində təlimlər keçirirdi, amma sonda Gürcüstana hərbi təcavüz baş verdi: “Bu baxımdan bir qədər ehtiyatlı olmaq və prosesləri soyuq başla müşahidə etmək lazımdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər