18 Sentyabr 2021 15:23
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan suveren ərazisində istənilən formada inzibati tədbirləri tətbiq edə bilər. Bu, dövlətimizin başlıca hüququdur. Gorus-Qafan yolunda bu günlərdə dövlətimizin polis və gömrük postu qurması orada inzibati tədbirlər həyata keçirməsi beynəlxalq hüquqa, ölkə qanunlarına əsaslanır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Onun fikrincə, beynəlxalq yük və şərnişindaşıma və ölkələrarası tranzitlə bağlı qaydalar mövcuddur:

“Bu qaydalar təhlükəsizlik, terrorizm, qaçaqmalçılığa, narkotik tranzitinin qanunsuz dövriyyəsinə qarşı ən başlıca tələb kimi qəbul edilib. Məhz bu baxımdan Gorus-Qafan yolunda Azərbaycan hökumətinin rəsmi qaydada yük maşınlarını və digər qanunsuz daşımaları yoxlaması, inzibati qaydaların tətbiq edilməsi vacib prinsipləri özündə ehtiva edir”.

Millət vəkilinə görə, bu qaydaların tətbiqi həmçinin qarşı tərəfə, bu bölgədə marağı olan dövlətlərə açıq bir mesajdır ki, Azərbaycan özünün suveren ərazisində istədiyi addımı ata bilər: “Erməni tərəfinin və digərlərinin bu məsələdə narahatlığına heç bir əsas yoxdur. Gorus-Qafan yolunda Azərbaycanın tətbiq etdiyi qaydalara etiraz edən Ermənistan yaxşı olardı ki, 10 noyabr razılaşması ilə öz üzərinə götürdüyü öhdəlikləri icra etsin. Çünki bu öhdəliklər elə Ermənistanın özü üçün də düşdüyü iqtisadi, siyasi blokada şəraitindən çıxış imkanı deməkdir”.

Sevinc Hüseynovanın sözlərinə görə, Ermənistan sülh prosesini, delimitasiya və demarkasiya məsələsini tez bir zamanda həll etməsə Azərbaycan növbəti tədbirləri həyata keçirməklə prosesi tezləşdirəcək: “Ermənistanda olan revanşist qüvvələr və erməni lobbisi bu gün öz dövlətinin normal inkişafına maneə olur. Düşünürlər ki, haçansa, onlara yenidən fürsət yarana bilər. Amma Azərbaycan 200 illik problemi həll edib. Dövlətimiz özünün iqtisadi, siyasi gücü ilə regionda hakim mövqeyə sahibdir. Bu baxımdan Ermənstanın yeganə çıxş yolu Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Regionda əməkdaşlığa hazır olduğunu bəyan etməlidir. Bunun əksinə olan bütün proseslər Ermənistan üçün sonun başlanğıcı ola bilər”.


Müəllif: Tapdıq Qurbanlı