Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Prezidentin BMT-nın Baş Assambleyasının toplantısında videoformatdakı çıxışında regional və Ermənistanın müharibədən sonrakı davranışları açıq şəkildə təsvir edildi. Hazırkı dövr üçün bu çağırışların əhəmiyyətini necə şərh edərdiniz?
- Prezident bir daha BMT tribunasında Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Açıq şəkildə vurğulandı ki, Azərbaycanın milli maraqlarına hər hansı şəkildə bir təhlükə yaransa, buna beynəlxalq hüququn ona verdiyi mandata uyğun adekvat cavab veriləcək. Eyni zamanda bu amil də nəzərə alınmalıdır ki, hazırda dünyada mövcud olan bütün beynəlxalq təşkilatların hamısı kriz içindədir. ABŞ-da da analoji hal yaşanır. Halbuki ABŞ BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür. Aparıcı təşkilatın sütununu təşkil edən bir dövlət böhran yaşayırsa, bu, tamam fərqli bir məzərəni ortaya qoyur. Dövlət başçısı da açıq şəkildə bəyan etdi, BMT tarixində yeganə nümunədir ki, ölkə özü təşkilatın qəbul etdiyi qətnaməni icra edib. Bu da ona dəlalət edir ki, artıq BMT vasitəsilə nəyisə bəyan etmək, dünyaya çatdırmaq imkanından yararlanmaq üçün istifadə edilir. Çünki BMT və digər təşkilatlara ümid bağlamaq da artıq sadəlövhlükdür. 30 illik Azərbaycan torpaqlarının işğal faktı bir daha göstərdi ki, BMT-nin qəbul etydiyi 4 qətnamə heç bir cür icra edilmədi. Məhz bu amil o zərurəti bir daha ortaya qoyur ki, biz daha da güclü olmalı və öz maraqlarımızı müdafə etməliyik. BMT-dən də dünyaya açıq mesajlar vermək üçün yararlanmaq lazımdır. Ötən il müharibədən öncə dövlət başçısı açıq şəkildə bütün dünyaya BMT tribunasından çağırış edərək Ermənistanı işğala son qoymağa, müharibə hazırlıqlarını dayandırmağa səslədi. Bütün dünyaya çağırış edildi ki, Ermənistanın destruktiv hərəkətlərinin qarşısı qısa zamanda alınmasa, bu, daha gərgin proseslərin yaranmasına səbəb olacaq. Fakt da onu sübut edir ki, ölkə başçısı BMT-də ötən il etdiyi çağırışda haqlı çıxdı. İndi də eyni prizmadan dövlət başçısı daha bir çağırış etdi ki, Ermənistan sülhə məcbur edilsin, əks halda olacaqları hər kəs biləcək.
- ABŞ konqresmənləri Adam Şiff və Bred Şerman növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib. Sizcə, amerikalı siyasətçilərin bu dərəcədə erməni sevgisi hansı amillərlə bağlıdır?
- Bu siyasətçilər Azərbaycana qarşı çıxmaqla yanaşı ABŞ-ın milli maraqlarına da zərbə vururlar. Konqresmen Adam Şifflər və onun ətrafında yığışanlar erməni lobbisidir. Bu, heç kim üçün sirr deyil. “Mən Ermənistan üçün daim işləyəcəm” deyən Adam Şiffdir. O, bu fikri dəfələrlə vurğulayıb, indi də deyir. Amma bu da aydındır ki, erməni lobbisi mövcud olduğu ölkənin milli maraqlarını nəzərə almır. Çünki onların öz maraqları var. Erməni lobbisinin əsas prinsipləri də olduqları ölkələrin milli maraqları ilə ziddiyyət təşkil edir. İndiki dövrdə isə ABŞ-da erməni lobbisi birbaşa Amerikanın milli maraqlarına qarşı işləyir. Faktiki olaraq hazırda kriz vəziyyətində olan ABŞ-ı bu cür hallar daha bir çətin duruma sürükləyir.
- Azərbaycana qarşı təşəbbüslərin məhz eyni ünvandan gəlməsi necə izah oluna bilər?
- Sözsüz ki, Azərbaycana qarşı hansısa bir qətnamələrin qəbulu üçün təşəbbüslər olacaq. Amma Azərbaycan onlar üçün səbəb və məqsəddir. Əllərində olan imkanları itirməmək, daha çox maddi dividentlər qazanmaq üçün bu cür addımlar atılır. Azərbaycan tərəfi bütün bunları çox gözəl bilir. Hər kəsə aydındır ki, kim necə, hansı formada onlarla əlaqədədir. Amma onlar da, nə qədər çalışsalar da mövcud reallığı dəyişdirə bilməyəcəklər. Çünki indi Azərbaycanın yaratmış olduğu reallıq tamamilə fərqlidir. Yaranmış reallıq bu ölkələri regiondan kənarlaşdırıb. ABŞ və Avropa ölkələrində olan destruktiv elementlər artıq regionda ənənəvi nüfuz sahibi deyillər. Məhz bu məsələlərdən istifadə edib onlar regiona girməyə çalışırlar. Erməni lobbisi də onları dəstəkləyən bir qüvvəyə çevrilib.
- ABŞ, Azərbaycan münasibətlərinə bu cür yanaşmaların təsirini minimuma endirmək üçün hansı effektiv addımlar atılmalıdır?
- Həm ABŞ-ın, həm də Azərbaycanın milli maraqları nəzərə alınmaqla münasibətləri sağlam bir məcraya yüksəltmək mümkündür. Azərbaycanın milli maraqları faktiki olaraq regionun milli maraqları ilə uzlaşır. Sülh, əməkdaşlıq, kommunikasiyaların açılması regionun enerji mənbələrinin Avropaya və dünyaya çatdırılması məsələləri gündəmdədir. Bu istiqamətdə ABŞ və Azərbaycanın əlaqələrinin inkişafı labüddür. Amma bəzi dağıdıcı qüvvələr bu münasibətlərə qarşı iş aparır. Bundan sonra da onların bu istiqamətdə iş aparması qaçılmazdır.
- ABŞ Müdafiə Nazirlyinin də Azərbaycanla bağlı uğursuz bir açıqlaması var. Amma nədənsə, mülki obyektləri hədəf seçən Ermənistana münasibətdə analoji yanaşma müşahidə edilmir?
- Bu günlərdə Azərbaycanın Xarici Işlər naziri ABŞ-da BMT-nin Baş Assambleyasında iştirak etdi. ABŞ Azərbaycana Əfqanıstandakı hadisələr zamanı əsgərlərimizin sərgilədiyi mövqeyə görə təşəkkür etdi. Faktiki olaraq Əfqanıstandan ABŞ əsgərləri qaçdığı halda Azərbaycan əsgərləri orada mülki əhalini müdafiə etdi. Ona görə də, bu gün ABŞ-dan səslənən hansısa siyasi sifarişlər, mövqelər, bəyanatlar bu ölkədə mövcud durumun göstəricisi hesab olunur. Dünya üçün bu böyük bir təhlükədir. Aparıcı dünya ölkəsinin belə bir duruma düşməsi təəsüf doğurur. Çünki bu ölkənin müxtəlif qurumları Amerikanın maraqlarına zidd olan hərəkətlər edir, bəyanatlar verir. Bütün bunlar isə ABŞ-ın nüfuzunu aşağı salır.