27 Sentyabr 2021 16:17
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 sentyabr torpaqlarımızın azadlığına aparan tarixi gün kimi yaddaşlara həkk olundu. Bu gün həmçinin 30 illik işğal tarixinə, ədalətin bərpasına, bir dövlətin pozulmuş ərazi bütövlüyünün təminatına xidmət edən missiyanın başlanğıcıdır. Azərbaycan xalqı özünün tarixini, taleyni və ona məxsuss olanı geri alınması kimi tarixi bir missiya uğrunda mübarizəyə başladı. Bu mübarizə xalqımızın milli kimliyini, bir yumruq ətrafında birləşmək nümunəsini, Ali Baş Komandanın iradəsinin açıq nümayişi idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, 20 faiz torpaqları işğalda qalan və 1 milyondan artıq vətəndaşı 30 il öz ata-baba yurdundan didərgin salınan Azərbaycan gec-tez pozulmuş ədaləti bərpa edəcəkdi:

“30 ilə yaxın bu məsələni sülh, danışıqlar yolu ilə hall etməyə çalışan Azərbaycan dövləti nəhayətdə özünün hərbi-siyasi mövqeyini ortaya qoydu. Məhz beynəlxalq birliyin Ermənistana işğal siyasətinə görə hər hansı bir formada təsir göstərməməsi də işğalçı ölkəni hərbi təxribatlar törətməyə “həvəsləndirirdi”. “Yeni müharibə, yeni ərazilər” kimi zərərli ritorika qarşı tərəfdə özləri haqqında miflər yaratmışdı”.

Deputat bildirib ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatı ilə düşmənin bütün istehkamları darmadağın edildi: “44 günlük vətən müharibəsində Ermənistanın 30 ilə yaxın dövrdə özü üçün yaratdığı “məğlubedilməzlik” kimi xəyalları da məhv oldu. Ermənistan ordusu adından bir anlayış qalmadı. Ermənistan 10 noyabr 2020-ci ildə döyüş meydanında tam təslim olduğunu bəyan edən kapitulyasiya aktına imza atdı”.

Millət vəkili 27 sentyabr 2020-ci ildə başlanan Zəfər yürüşünün 10 noyabr 2020-ci ildə Azərbaycanın tam və haqlı qələbəsi ilə başa çatmasının tarixi, mənəvi, psixoloji əhəmiyyətindən bəhs edib: “Bu tarixi qələbə ilə separatizmə, terror hədəflərinə sarsıdıcı zərbə vuruldu. Ölkələrin ərazi bütövlüyü ilə bağlı əsas anlayışlara olan yanaşmalar tamamilə dəyişdi. Azərbaycanın hərbi-siyasi iradəsi ilə bölgədə yeni reallıq yarandı. Bu reallıq Azərbaycanın maraqlarını, xalqımızın tarixi qələbəsini özündə ehtiva edir”.


Müəllif: Tapdıq Qurbanlı