1 Oktyabr 2021 12:25
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 illik dövr ərzində Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə sadiq qaldı. Amma Ermənistan zaman-zaman təxribatlar törətməklə prosesi pozurdu. Son illər ərzində təxribatların artması, danışıqlar prosesinin pozulması Azərbaycana başqa çıxış yolu qoymadı. Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu günlərdə Türkiyənin Anadolu Agentliyinə müsahibə verən Prezident İlham Əliyev bu proseslər, eləcə də müharibədən sonra baş verən hadisələr, regionun hazırkı durumu və perspektivlər barədə fikirlərini geniş formada bildirib.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra verilən bəyanatlar, törədilən təxribatlar bu ölkənin yeni müharibəyə hazırlaşdığını göstərirdi: “Çünki ötən ilin iyul ayında Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində hərbi təxribat törətmişdi və bu təxribat nəticəsində 13 hərbçi və mülki şəxs həlak oldu. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçəndə bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bundan sonra isə sentyabr ayında Azərbaycan Ermənistanın yeni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı”.

Millət vəkilinin sözlərinə görə, münaqişənin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyətli, beynəlxalq hüquqa uyğun addımlar atsaydılar müharibə baş verməzdi: “Prezident müsahibəsində də bu məqamları xüsusi olaraq vurğuladı. Dövlət başçısı qeyd etdi ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Halbuki, işğalçı ölkəyə qarşı sanksiyalar müharibənin qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Bu baş vermədiyi üçün Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq işğal siyasətini davam etdirirdi. Belə olan halda, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü yerinə yetirdi. Artıq münaqişə başa çatıb, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil. Azərbaycan ərazisində belə bir inzibati ərazi yoxdur. Dövlət başçsının qərarı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin pozulması da Ermənistan təbliğat maşınının strateji hədəfidir: “Prezident müsahibəsində bu məsələni xüsusi ilə qeyd edib. Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb. Dövlət rəhbərinin İranla bağlı fikirlərindən də bu ölkə nəticə çıxarmalıdır. Normal qonşuluq, dostluq prinsiplərinə əsaslanan münasibətlərə sadiqlik nümayiş edilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı