15 Oktyabr 17:48
1 102

Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb. Azərbaycan Vətən müharibəsində qalib gəlib. Dövlətimiz münaqişənin hərbi-siyasi yolla həllinə nail olub. Ölkəmizin ərazi bütövlüyü bərpa edilib. BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan təkbaşına icra edib. Hazırda ölkəmiz üçün əsas məsələ ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası, yenidən qurulmasıdır.

Bu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili MDB-nin dövlət başçıları şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyevin səsləndirdiyi vacib məqamlardan bəhs edib:

“Azərbaycan Prezidenti qalib dövlətin rəhbəri kimi qətiyyəti, məntiqli çıxışında, müharibədən sonra yaranmış vəziyyət və regionun gələcəyi ilə mühüm məqamlara toxundu. Bu gün Azərbaycan bölgədə aparıcı mövqeyə malikdir. Ölkəmizin mövqeyi, prinsipiallığı, qətiyyəti regional və qlobal məsələlərin həllində mühüm əhəmiyyət kəsb edir”.

Deputat hesab edir ki, Azərbaycanın bugünkü uğurları məhz dövlət rəhbərinin liderliyi ilə mümkün olub:

“Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin Aşqabad, Münhen və digər təmaslarda, görüşlərdə dəmir məntiq, faktlara əsaslanan mövqeyini yaxşı xatırlayır. Bu platformalarda Azərbaycan liderinin sərgiləmiş olduğu qətiyyətli mövqe ölkəmizin milli maraqlarının müdafiəsi baxımından vacib idi. Dünya ictimaiyyətində regionda baş verənlər, Ermənistanın 30 illik işğal faktını haqqında daha aydın təsəvvür yaradılmış oldu. Məhz bütün bunlar imkan verdi ki, Azərbaycan beynəlxalq hüququn üstünlüklərindən istifadə etməklə özünün pozulmuş suverenliyni təmin etsin”.

Cavid Osmanova görə, Azərbaycan Vətən müharibəsinin nəticəsində ərazisinin İranla olan 132 km-lik sərhəddinin də bərpasını təmin edib:

“Artıq bu ərazilər 30 ildən sonra Azərbaycanın nəzarətindədir. Ölkəmiz özünün beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə çıxıb. Amma görünür Azərbaycanın ərazilərinin işğalı bir çoxlarının maraqlarına xidmət edirmiş. Belə olmasaydı İran ölkəmizin öz ərazi bütövlüyü daxilində həyata keçirdiyi inzibati və digər tədbirlərdən narahatlıq keçirməzdi. 30 ilə yaxın Ermənistanın əli ilə İran bölgədə qanunsuz daşımaların, narkotik dövriyyəsinin iştirakçısı olub. Amma indi reallıq dəyişib. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin qarantı olmaqla qanunsuz addımların da əngəlləməsi üçün başlıca faktordur”.


Müəllif: Tapdıq Qurbanlı