30 Oktyabr 2021 10:40
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilana səfəri mühüm tarixi əhəmiyyətə malikdir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən təkbətək görüş, verilən birgə açıqlamalar və bəyanatlar dünyanın diqqət mərkəzindədir. Bu mənada Füzuli Hava Limanının açılışı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur Dəhlizinin) əsasının qoyulması regional strateji layihələrin də önəmindən xəbər verir. Eyni zamanda bu cür strateji layihələrdə atılan birgə addımlar Bakı və Ankara arasında sarsılmaz müttəfiqliyin bariz nümunəsidir. Məhz Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında strateji tərəfdaşlığın perspektivlərini bir daha sübut etdi. Hər keçən gün biz bu müttəfiqliyin gücləndiyinin şahidi oluruq.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professorun fikrincə, tarix dəfələrlə sübut edib ki, bu ölkələr bir-birinin yanında olub və qardaşlıq dəstəyini əsirgəməyib:

“Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana öz dəstəyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə, bir yerdə fəaliyyət göstərir. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri də dünyaya mesaj idi. Bütün dünya gördü ki, biz bir yerdəyik, birliyimiz sarsılmazdır, əbədidir. Burada diqqəti çəkən məqamlardan biri də Türk dövlətləri arasında əməkdaşlığın artırılması və daha da gücləndirilməsidir. Bu istiqamətdə həm Azərbaycan, həm də Türkiyə çox fəal iştirak edir. Prezident İlham Əliyevin iradəsi ilə 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsinin öz əksini tapması, təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir. Ekspertlər Vətən müharibəsinin və 10 noyabr üçtərəfli Bəyanatın vacib uğurlarından biri kimi Zəngəzur dəhlizinin olduğunu bildirirlər”.

Millət vəkili qeyd edib ki, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək:

“Bu birlik, yaxınlıq illərdir bir-birindən ayrı qalan türk dövlətlərini birləşdirəcək və xüsusilə iqtisadiyyatda yeni addımların atılmasına səbəb olacaq. Zəngəzur dəhlizi eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaradacaq və bu imkanlardan Ermənistan da istifadə edə biləcək. Bu həm də Ermənistan üçün bir ismarışdır. Vacib şərt Azərbaycanla olan sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması məsələsidir. Ona görə də Ermənistan real vəziyyəti düzgün dəyərləndirməli və qərarlar verməlidir. Hər hansı dağıdıcı fikirləri, revanşist çağırışların, onları məhvə, uçuruma aparan havadarlarının fikirlərini deyil, daha məntiqli və erməni xalqı üçün doğru olan fikirləri əsas götürməlidir”.

Hicran Hüseynova hesab edir ki, Vətən müharibəsinin yaratmış olduğu yeni reallıq Azərbaycan və Türkiyənin bölgədə nüfuzunu daha da artırıb:

“Uzun və şərəfli dövlətçilik yolu keçən Türkiyə bu gün dünyanın ən nüfuzlu dövlətləri sırasındadır və beynəlxalq aləmdə özünəməxsus yeri var. Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Birgə ortaq tarixi və milli-mənəvi dəyərlərimiz, sıx dostluq və qardaşlıq münasibətlərimiz bizim birliyimizin və həmrəyliyimizin əyani nümunəsidir. Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə müttəfiqliyi daha da möhkəmlənir”.


Müəllif: Tapdıq Qurbanlı