Ölkəmizin bütün regionlarının inkişafı Prezident İlham Əliyevin hər zaman diqqətində olan vacib məsələlərdəndir. Dövlət başçısı bu məsələləri şəxsi nəzarətində saxlamaqla yanaşı geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir, qərarlar qəbul edir. Bütün bunlar isə Azərbaycanın müasir simasının formalaşdırılması istiqamətində mühüm istiqamətlərdən biri hesab olunur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, ölkə Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, digər bölgələrə də ardıcıl səfərləri yeni iş yerlərinin, müasir infrastrukturun, sosial obyektlərin açılması ilə xarakterizə olunur: “Hazırda ölkəmizin bütün şəhər, rayon və kəndlərində geniş quruculuq işləri uğurla davam edir. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prioritet təşkil etsə də, digər bölgələrdə də dinamik inkişaf mövcuddur”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın İsmayıllı və Şamaxı rayonlarına səfəri mühüm, əlamətdar hadisələrlə yadda qaldı: “Sözsüz ki, bu səfərdə də tarixi, milli, mədəni abidələrimiz onların təmir-bərpadan sonrakı vəziyyəti diqqət mərkəzində oldu. Bu mənada tarixi Lahıc qəsəbəsi, orada gürülən işlər, insanlarla xoş ünsiyyət yaddaşlarda dərin iz buraxıb. Sözsüz ki, Lahıc qəsəbəsində 1791-ci ildə inşa edilən Bədöyün məscidində aparılan təmir-bərpa işləri mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa, quruculuq işləri tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması baxımından vacib bir missiya Lahıc qəsəbəsində də daha qabarıq formada özünü biruzə verir”.
Cavid Osmanova görə, İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun tikintisi son illər ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində görülmüş işlərin bariz nümunəsi kimi qiymətləndirilir: “İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin, orta məktəb binasının titkintisi və istismara verilməsi də xüsusi önəm kəsb edir. Son illər ölkəmizdə müasir təhsil infrastrukturu yaradılıb. 3 mindən çox məktəbin tikilməsi və əsaslı bərpa olunması ölkəmizdə təhsilə olan münasibətin bariz nümunəsi hesab olunur”.