Bir il öncəyə qədər Azərbaycan məğlub dövlət, xalq kimi tanınırdı. Belə bir mənzərə 30 ilə yaxın davam etdi. Amma Azərbaycan xalqı, dövlət başçısı tam əmin idi ki, biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət xalqımızda belə bir əminlik yaratmışdı.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov deyib.
Onun fikrincə, ölkəmizdə bütün sahələri əhatə uğurlu inkişaf strategiyası bizi haqq mübarizəmizə günbəgün yaxınlaşdırırdı: “2020-ci ilin 27-i sentyabrında başlayan Vətən Müharibəsi ötən ilin 10 noyabrında Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Bununla da Azərbaycan düşmən üzərindəki qalibiyyətini elan etdi. Ötən ilin noyabrın 8-də Şuşanın azad edilməsi isə düşmənin bütün ümidlərinin məhv edilməsi idi. Ard-arda qazanılan uğurlar Azərbaycanın bir dövlət kimi heç vaxt işğalla barışmayacağını nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqının öz haqlı mübarizəsində sərgilədiyi mövqeyə şahidlik etdi. Bu xalqımızın sarsılmaz iradəsi, dövlətimizin qəti mövqeyi ilə mümkün oldu”.
Millət vəkili hesab edir ki, tarixi qələbədən sonra qarşımızda mühüm vəzifələr dayanır: “Son bir il ərzində işğaldan azad edilən ərazilərdə görülən işlər göz önündədir. Füzuli Beynəlxalq Hava Limanının qısa bir zamanda tikilib istifadəyə verilməsi, Zəfər yolunun tez bir zamanda hazır olması, Şuşada aparılan abadlıq işləri, Kəlbəcərə çəkilən mühüm strateji tunel, Zəngilanda və digər ərazilərdə görülən işlər Azərbaycan dövlətinin iradəsinin bariz nümunəsi hesab olunur. Sözsüz ki, bu gün Azərbaycan xalqı qalib dövlətin təmsilçisi kimi böyük qürur hissi yaşayır”.
Elman Məmmədova görə, Azərbaycanın tarixi qələbəsindən sonra regionda yeni bir reallıq yaranıb və bu situasiya əməkdaşlığı, qarşılıqlı əlaqələrin inkişafını zəruri edir: “Zəngəzur dəhlizinin açılması, bölgədə mümkün kommunikasiya xəttlərinin bərpası, region dövlətlərinin qarşılıqlı sürətdə bütün sahələrdə əməkdaşlığa hazır olması real inkişafı özündə ehtiva edir”.