13 Noyabr 2021 20:39
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti bu gün Qubaya səfər edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ​Teleqraf.com-a verilən xəbərə görə, səfər zamanı qonaqları Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, parlamentin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Eldar İbrahimov, Səttar Möhbalıyev, Məlahət İbrahimqızı, Ağalar Vəliyev, Eldar Quliyev və Ramin Məmmədov müşayiət ediblər.

Səfər çərçivəsində əvvəlcə nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbədən söz açıb, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsinin əlaqələrimizin geostrateji əhəmiyyətini bundan sonra daha da artıracağını qeyd edib.

Sonra nümayəndə heyəti Qubada Şəhidlər xiyabanına gələrək, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini anıblar.

Qonaqlar Qubada bu ilin may ayında istifadəyə verilən Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə də tanış olublar. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər