30 ilədək işğal altında qalan torpaqlarımızın azad edilməsində milli birliyimiz əsas rol oynadı. Böyük tarixi qələbə nəticəsində millətimizin üstündəki ləkə silindi, qalib tərəf olduq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
Professor bildirib ki, indi qarşımızda dayanan başlıca vəzifə işğaldan qurtarılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını dirçəltmək, bərpa etmək və oralara həyat verməkdir: “Bundan ötrü bizə yenə də milli birlik gərəkdir. Biz bir olanda, ölkəmizdə sabitlik hökm sürəndə daim məqsədlərimizə nail olmuşuq”.
Deputatın fikrincə, bu vəziyyət, reallıq düşmənlərimizi narahat edir:
“Azərbaycanda sabitsizlik yaratmaq düşmənlərimizin arzusu və planlarıdır. Bir millət olaraq biz bu planları yenə də alt-üst etməliyik. Birliyimiz daimi olmalıdır! Diriliyimiz birliyimizdədir!”