Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Razi bəy, sizcə müharibədə məğlub olan ermənilər artıq reallığı anlayıblarmı?
- 30 ilə yaxın idi ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxlayırdı. Onlar inanmırdılar ki, biz həmin torpaqları nə vaxtsa azad edə bilərik. Ona görə də belə bir şəraitdə ermənilər üçün qanunun da bir keçərli gücü kifayət etmirdi. Beynəlxalq qanunlar da ermənilər üçün əhəmiyyətsiz gəlirdi. Nəhayətdə isə onlar güc qarşısında geri çəkilməli oldular. Daha sonra isə 30 illik bir zamanlarını mənasız yerə itirdiklərini düşünməyə başladılar. Düşünürlər ki, 30 ildə Qarabağ ermənilərin olmuşdusa, niyə orada bir dənə də olsun tikinti, quruculuq işləri aparmayıb, nəsə yaratmadılar? Bütün dünya da gördü ki, Ermənistan bu əraziləri ancaq dağıtmaqla məşğul olub.
BMT və bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyıb. Bu gün dünya ictimaiyyəti Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini təqdir edir. Ona görə də ermənilər bu həqiqəti anladı. Düşünülürdü ki, BMT-nin xalqların özünün müqəddəratını təyinetmə prinsipi var. Onlar da buna əsaslanmağa çalışırdı. Amma beynəlxalq qanunlarda, BMT-də təsbit olunmuş ölkələrin ərazi bütövlüyü məsələsi var. Bu xalqların öz müqəddəratını həlletmə məsələsindən daha güclüdür.
- Bu faktları bütün dünya bildiyi halda erməni tərəfi niyə bundan imtina edirdi?
- Sözsüz ki, ermənilər də bu həqiqətləri bilirdilər. Amma Azərbaycan ərazilərini işğalda saxladıqlarına görə, onlar üçün bu məsələnin bir o qədər də əhəmiyyəti yox idi. Amma indi artıq görürlər ki, dünya onların arxasından çəkilib. Artıq ermənilərə qondarma “statusla” bağlı heç bir dəstək verilmir. Azərbaycanın ərazi bütövlüyünü kimsə şübhə altına ala bilmir. Ona görə də reallığı görmək və qəbul etmək mərhələsi yetişib. Paşinyanın da etmiş olduğu açıqlamalar məhz bu qəbildəndir.
- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması prosesi ilə bağlı gedişatı necə qiymətləndirirsiniz?
- Azərbaycanla Ermənistan arasında son sülh müqaviləsinin bağlanması üçün bir neçə vacib məsələ həll edilməlidir. Bu məsələlərdən ən böyüyü Azərbaycan Ermənistan sərhədlərinin müəyyənləşməsi və hər iki tərəfin bunu qəbul etməsidir. Bu hal olmayana qədər sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Artıq bununla bağlı tərəflər arasında prinsipial razılaşma var. 2022-ci ildə yəqin ki, bu məsələ öz həllini tapacaq. Digər bir məsələ Qarabağda olan separatçılarla bağlıdır. Hazırda orada erməni silahlıları ilə yanaşı separatçıların da silahlıları mövcuddur. Bu qanunsuz birləşmələr 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmaya uyğun olaraq oradan çıxarılmalıdır. Eyni zamanda Ermənistan orada olan separatçıların arxasından çəkilib onların “statusla” bağlı cəfəng ideyalarını dəstəkləməməlidir. Paşinyan artıq bununla bağlı müəyyən müsbət məqamlara toxunub. Separatçıların başçısı Paşinyanın bu açıqlamasına etiraz edir. Amma ortada olan müsbət məqamlar onu deməyə əsas verir ki, Ermənistan “status” məsələsindən imtina edir. Qarabağ Azərbaycan ərazisidir ifadəsi artıq Ermənistanın rəhbərliyinin dilindən eşidilməkdədir.
- Sülh üçün qarşı tərəfin icra edəcəyi ilkin şərtlər hansılardır?
- Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və qəbul etməlidir. Bu həmçinin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıması prinsipini təmin edəcək. Bununla da sərhəddə baş verən qarşıdurmalar bitmiş olacaq. Xankəndində qalacaq silahlıların isə danışıqlar prosesi nəticəsində həll mümkündür. Orada Azərbaycan qanunları ilə yaşamaq istəyində olanların qalması mümkün olacaq.
- Yekun sülh sazişindən sonra sülhməramlıların taleyi necə olacaq?
- Separatçıların məsələsi həll olunmayacaqsa, bu zaman Azərbaycanla Ermənistan arasında heç bir sülh müqaviləsinin bağlanması mümkün olmayacaq. Eyni zamanda Ermənistan hələ də Xankəndində olan separatçıların onlara heç bir aidiyyatının olmadığını açıqlamaqla bunun birbaşa Azərbaycanın daxili işi olduğunu bəyan edəcəksə, burada sülhməramlıların görəcəyi heç bir iş qalmayacaq.