Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi dövlətimizin 2021-ci ildə əldə etdiyi uğurlarını özündə əks etdirməklə yanaşı daxili, xarici auditoriyaya da vacib mesajlar verildi. Jurnalistlərin sualları ölkəmizin sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə bağlı idi. Həmçinin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatlar, hərbi quruculuq və post-müharibə dövrünün reallıqları, Ermənistanla sülh müqaviləsinin imzalanmasının perespiktivləri ətrafında geniş arqumentlərə əsaslanan fikirlər səsləndi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, postmüharibə dövründə Ermənistanın nə qədər səmimi olması, Minsk qrupunun bundan sonra hansı işlə məşğul ola bilməsi aydınlaşıb: “Rus sülhməramlıların fəaliyətinin müsbət və qıcıqdoğuran tərəfləri, koronavirusla mübarizə, bu prosesə beynəlxalq səviyyədə verilən töhfələr diqqətdən kənarda qalmayıb. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının inkişafı və təşkilata çevrilməsi üçün verdiyi töhfələr xüsusi ilə vurğulanıb. Ölkəmizlə Avropa İttifaqı arasında olan münasibətlərinin perspektivlərinə də nəzər salınıb. Cənub Qaz Dəhlizi, Azərbaycanın Avropanın enerjinin təhlükəsizliyindəki əhəmiyyətli rolu da önə çəkilib”.
Millət vəkili hesab edir ki, müsahibə 3 saata yaxın davam etsə də, ölkə başçısı təmkinlə və səlis cavabları ilə Azərbaycan və dünya ictimaiyyətini düşündürən məsələlərə aydınlıq gətirib: “Dövlət başçısı müsahibəsində ilk dəfə olaraq II Qarabağ müharibəsinin gedişində Ermənistanın Rusiyanı müharibəyə cəlb etmə cəhdləri ilə bağlı məqamları açıqlayıb. Həmçinin ölkə başçısının torpaqlarımız azad edildikdən sonra ulu öndər Heydər Əliyevin, Naxçıvana səfəri zamanı isə babasının məzarını ziyarət etməsi, Prezidentin ürəyindən keçən fikirləri zamanı gələndə açıqlayacağını bildirməsi gənc nəsil üçün örnək hesab edilir”.
Azər Badamova görə, müsahibədə Prezident İlham Əliyev bir çox dövlət başçılarına xas olmayan əsl liderlik bacarığını nümayiş etdirdi: “Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf və tərəqqi gözləyir”.