32 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə elan edilmədən sovet qoşunlarının Bakı, Sumqayıt başda olmaqla bir çox şəhərlərimizə yeridilməsi, əliyalın əhaliyə qarşı qəddarlığa yol verilməsi əslində Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmağa yönəlmişdi. Xüsusi amansızlıqla törədilən kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu təsdiqləyirdi. 26 min nəfərlik ordu uyğun ssenari üzrə beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat söyləyib ki, bu qətliamlar Azərbaycan xalqının əzmkarlığını, mübarizlik ruhunu qıra bilmədi: “Əksinə, xalqımızı daha da birləşdirdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 2 milyona yaxın insanın iştirakı ilə şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bu hadisə Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində mühüm hadisə oldu”.
Könül Nurullayeva hesab edir ki, Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirməsi mühüm hadisə idi: “Xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb edilməsi o vaxtkı dövrün reallıqları fonunda olduqca vacib idi”.
Millət vəkili bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 20 Yanvar artıq ümümxalq hüzn kimi hər il qeyd olunmağa başladı: “Azərbaycan xalqı 20 Yanvar faciəsinin 30-cu ilində bir daha torpaqlarımızın bütövlüyü uğrunda birləşdi və torpaq bütünlüyümüzü bərpa etdik. Beləliklə, tarixi ədalət bərpa olundu. 30 ildən sonra biz Şəhidlər xiyabanına fəxr hissi və Qələbə müjdəsi ilə gedirik. Hər zaman istiqlal arzusu ilə yaşayan hər bir azərbaycanlı üçün dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi başlıca vəzifədir. Bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz daimidir”.